Home AZ | EN | RU

ÇOBANZADƏ BƏKİR VAHAB OĞLU


(1893-1938)
Dilçi – ədəbiyyatşünas

15 may 1893-cü ildə Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyinə – “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərmişdir (1908-1918). Sonra Budapeşt Universitetinin Tarix-filologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olmuşdur (1919). Vətənə qayıtdıqdan sonra Krım İnqilab Komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olmuş (1920-1922), eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışmışdır. Krım universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Krım Universitetinin rektoru olmuşdur. S.Ağamalıoğlunun dəvəti ilə Bakıya gəlmiş, Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir.  I Ümumittifaq Türkoloji qurultayın təşkilində fəal çalışmışdır (1926). Azərbaycan Baş Elmi İdarəsində Terminologiya Komitəsinə rəhbərlik etmiş, eyni zamanda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır (1924-1929). Moskva Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir (1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilmişdir. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. Bir sıra monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası” (1932), “Elmi qramerin əsasları” (1932) kitablarının həmmüəllifi olmuşdur.

Bookmark and Share