DƏDƏ QORQUD ETL
“Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyası Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1999-cu il, 98 №-li sərəncamına əsasən Təhsil Nazirliyinin 04 may 1999-cu il 303 №-li əmri ilə yaradılmışdır.
Bakı Dövlət Universitetinin əmri ilə 6 nəfər, hər biri 0,5 şt. böyük elmi işçi, 1 ştat elmi işçi, 1 ştat laborant vəzifəsi üçün vakant yerlər təsdiq edilmişdir. “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının yarandığı ilk dövrlərdə akademik Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev, professor Yusif Seyidov, professor Süleyman Əliyarlı, professor Samət Əlizadə, professor Qara Namazov, professor Pənah Xəlilov kimi böyük şəxsiyyətlər burada fəaliyyət göstərmiş, laboratoriyanın sonrakı çoxşaxəli və geniş fəaliyyətinə öz töhfələrini vermişlər.
Yarandığı tarixdən laboratoriyaya akademik Nizami Qulu oğlu Cəfərov rəhbər təyin edilmişdir. 2002-2015-ci illərdə laboratoriyaya professor Qara Mustafa oğlu Namazov, 2015-2021-ci illərdə isə akademik Nərgiz Arif qızı Paşayeva rəhbərlik etmişdir.
BDU rektorunun 13 aprel 2021-ci il tarixli 1/132 №-li əmri ilə filologiya üzrə fəlsəfə doktoru Almara Vəzir qızı Nəbiyeva laboratoriyaya müdir təyin olunmuşdur.
“Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığın müasir inkişaf mərhələsində olduqca önəmlidir. Bu baxımdan, laboratoriyada əsas məqsəd “Dədə Qorqud” eposunun yazıya alınma tarixi, tədqiqi, poetik strukturu, türk xalqlarının, eləcə də Azərbaycan xalqının tarixində yeri, dastanın daha qədim qaynaqları sonrakı dastançılıq ənənələrimizdə mövqeyi və təsiri, qəhrəmanlıq və məhəbbət dastanlarımızın öyrənilməsində bir mənbə kimi istifadə olunması, eyni zamanda qədim və Orta əsrlər Azərbaycan tarixinin araşdırılması, tarixi qaynaq kimi əhəmiyyəti və s. kimi filoloji parametrlərin laboratoriyada ardıcıl və sistemli şəkildə elmi işlər formasında aparılması əsas məqsəd olmuşdur. “Dədə Qorqud” laboratoriyası fəaliyyət göstərməyə başladığı zamandan həmin problemlərin araşdırılması üçün xüsusi iş planı hazırlamış və bu plan əsasında fəaliyyətə başlanmışdır.
Plana uyğun olaraq laboratoriyada ayda bir dəfə elmi seminar keçirilir, həm əməkdaşlar, həm də tanınmış folklorşünaslar, xüsusən “Dədə Qorqud”un tədqiqatçıları seminarda dastanın mifik qaynaqları, coğrafi arealı, sonrakı dastanlarımıza təsiri haqqında məruzələr edirlər. Dastanın Azərbaycan tarixinin qədim və Orta əsrlər dövrünün öyrənilməsi üçün çox dəyərli mənbə olduğu qeyd edilir.
Laboratoriyanın elmi əməkdaşları tərəfindən 2010-cu ildə “Dədə Qorqud dünyası” I cild, 2012-ci ildə “Dədə Qorqud dünyası” II cild çapdan çıxmışdır. Hazırda III kitabın materialları toplanılır. Bu kitablarda elmi əməkdaşlar eposun tarixinə və tarixi qaynaqlarına, oradakı etnoqrafiyaya, o cümlədən dastanın dilinin müqayisəli öyrənilməsinə və s. kimi bir çox məsələlərə diqqət yetirirlər. Eposun daha geniş və linqvistik istiqamətdə öyrənilməsi proqramlaşdırılmışdır.
Laboratoriya əməkdaşları respublikada və xaricdə həm elmi əsərləri, maraqlı məruzələri ilə tanınırlar. “Dədə Qorqud” ETL-ı Türkiyə, İran, Rusiya və başqa ölkələrin müvafiq elm və təhsil ocaqları ilə elmi əlaqələrə malikdir.
2017-2018-ci tədris ili çərçiçəvisində laboratoriyada professor Adil Babayevin rəhbərliyi ilə “Dədə Qorqud ümumtürkün və Azərbaycan xalqının dastanıdır”, “Dədə Qorqudun vətəni Azərbaycandır” və “Kitabi - Dədə Qorqud dastanındakı xitablar milli-mənəvi dəyərlərin göstəricisidir” adlı elmi seminarlar keçirilmişdir.
“Kitabi – Dədə Qorqud” eposuna maraq təkcə bununla bitmir. Bütün bu uğur və irəliləyişlərlə yanaşı, doxsanıncı illər “Kitabi-Dədə Qorqud” üçün ən uğurlu, sözün əsl mənasında böyük əhəmiyyət kəsb edən illərdir. Ulu öndər H.Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra onun bütün sahələrə göstərdiyi diqqət və qayğı “Dədə Qorqud” dastanlarından da yan keçmədi. Dastanın tədqiqi və araşdırılması işləri ilə birbaşa özü maraqlanan H.Əliyevin əməli tədbirləri sayəsində dastan yeni inkişaf mərhələsinə qədəm qoydu. Amma bir faktı da qeyd etmək yerinə düşərdi ki, H.Əliyev siyasi hakimiyyətinin birinci dövründə belə dastana diqqət göstərmiş və və onun tapşırığı ilə 1975-ci ildə “Dədə Qorqud” filmi çəkilmişdir.
Ümummilli lider bu istiqamətdə dastanın 1300 illik yubileyi münasibətilə 1997-ci il 20 aprel tarixində fərman, 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər Planı haqqında” Sərəncam imzaladı. Fərmanda deyilirdi: “Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının yaradılmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanını dünya mədəniyyəti tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq, Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin 1300 illik yubileyinin layiqincə hazırlanması məqsədilə dövlət komissiyası yaradılsın”
H.Əliyevin tapşırığı ilə YUNESKO çәrçivәsindә “KitabiDәdә Qorqud”un yubiley mәrasimlәrinin keçirilmәsi, Drezdendә, Moskvada, Türkiyәnin bir çox şәhәrlәrindә, başqa yerlәrdә "KitabiDәdә Qorqud"un 1300 illik yubileyinin keçirilmәsi vә bununla bәrabәr, yaranmış әsәrlәr, üç il müddәtindә “KitabiDәdә Qorqud”un tәbliğ olunması “KitabiDәdә Qorqud” dastanını bütün dünyaya tanıtdı.
Yubiley tədbirləri çərçivəsində 1999-cu ildə S.Əlizadənin tənqidi mətn və lüğətlə birlikdə nəşr olunan “Kitabi-Dədəm Qorqud”, elə həmin ildə Ş.Cəmşidovun “Kitabi-Dədəm Qorqud” (Tarixi, coğrafi, tekstoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni) kitabları qorqudşünaslıq üçün xüsusi töhfə idi. Bütün bunlarla yanaşı, 2000-ci ildə isə iki cildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyasının nəşri yubiley üçün əlamətdar hadisə oldu. Ensiklopediyada dastana və eləcə də, boylara aid bütün məlumatların əks olunması, onun istər Azərbaycan, istərsə də dünya tədqiqatçılarının araşdırmaları, Drezden və Vatikan nüsxələri arasındakı müqayisələrin ətraflı şəkildə verilməsi qeyd olunmuş əsas meyarlardandır.
Uzun sürən yubiley hazırlıqlarının sonunda – 2000-ci il aprelin 8-9-u tarixlərində baş tutan yubiley tədbirləri ölkədə bayram ab-havası yaşadırdı. Cənab Prezident H.Əliyev aprelin 9-da Gülüstan sarayındakı yekun nitqində fəxr və qürür hissi ilə çıxış edərək deyirdi: “Biz fәxr edirik ki, “KitabiDәdә Qorqud” kimi böyük tarixi abidәmiz var. Biz fәxr edirik ki, Dәdә Qorqud övladlarıyıq. Biz fәxr edirik ki, Dәdә Qorqud elindә yaşayırıq. Biz fәxr edirik ki, “KitabiDәdә Qorqud” bütün türkdilli dövlәtlәrә mәnsub olaraq, eyni zamanda vә birinci növbәdә Azәrbaycan xalqına mәnsubdur. Fәxr edirik ki, biz “KitabiDәdә Qorqud”un sahibiyik, onu yaşadacağıq və gәlәcәk nәsillәrә daha da böyük töhfәlәrlә verәcәyik”
Təməli H.Əliyev tərəfindən qoyulan bu şərəfli iş cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir. Belə ki, ölkə başçısının 2007-ci ildə imzaladığı “Azərbaycan monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən, “Dədə Qorqud” heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tağşırıq verib 2013-cü ildə isə “Dədə Qorqud” parkının açılışı olmuş, açılışda ölkə başçısı və digər dövlət xadimləri çıxış etmişdir. Parkın açılışı zamanı “Dədə Qorqud” dastanlarının əhəmiyyətindən geniş söz açan ölkə başçısı onu yüksək monumental abidə hesab edir: “Bu abidənin ucaldılması böyük hadisədir. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür”
Prezident İlham Əliyevin dastana göstərdiyi diqqət və qayğının təzahürlərdən biri də 2004-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində, Dünya Gömrük təşkilatının iqamətgahı qarşısında Dədə Qorqud abidəsinin açılışı idi. Açılışda çıxış nitqi zamanı İ.Əliyev demişdir: “Mən bu gün burada, Ümumdünya Gömrük Təşkilatının binası qarşısında olmaqdan və Dədə Qorqudun abidəsinin açılmasından çox xoşbəxtəm. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının yaratdığı incilərdən biridir. Onun Azərbaycan xalqı və bütün türk dünyası üçün qədim tarixi və böyük mənası var. “Kitabi-Dədə Qorqud”dakı ideyalar və fikirlər bu günkü nəsil üçün də əhəmiyyət kəsb edir və mən əminəm ki, hələ bir neçə əsrlər boyu öz aktuallığını saxlayacaqdır”
Dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatələnən bu abidənin 2015-ci ildə alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam oldu. Bu əlamətdar hadisə ilə bağlı cənab Prezident İ.Əliyev 20 fevral 2015-ci il tarixində “Milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədi ilə” Sərəncam imzaladı.
Sərəncam sayəsində, dövlət səviyyəsində kollekviumlar təşkil olundu, kitablar, toplular dərc olundu, ali təhsil ocaqlarında beynəlxalq, elmi və tələbə konfransları, həmçinin çoxsaylı elmi seminarlar həyata keçirildi.
