Home AZ | EN | RU

DÜNYA ƏDƏBİYYATI KAFEDRASI

Dünya ədəbiyyatı kafedrası Kafedra 1939/40-cı tədris ilində Klassik filologiya adı ilə yaranmış və müdiri prof. B.İ.Yablonko olmuşdur.
Müxtəlif dövrlərdə kafedra Xarici ölkələr ədəbiyyatı, Qərbi Avropa ədəbiyyatı tarixi, Dünya ədəbiyyatı, Xarici ədəbiyyat tarixi adları ilə fəaliyyət göstərmişdir. 2001-ci ildən Dünya ədəbiyyatı kafedrası adlanır.
1960-cı ilə qədər kafedraya prof. Əli Sultanlı rəhbərlik etmişdir. Bu görkəmli alim «Antik ədəbiyyat tarixi», «Qədim yunan ədəbiyyatı müntəxəbatı», «Orta əsrlər və İntibah dövrü ədəbiyyatı müntəxəbatı» kimi bu gün də elmi və tədris dəyərini itirməyən, tələbələr və gənc mütəxəssislər üçün böyük əhəmiyyət kəsb edən dərslik və dərs vəsaitləri yazmışdır.
1964-1981-ci illərdə kafedraya prof. Əkbər Ağayev rəhbərlik etmişdir. O, «Nizami və dünya ədəbiyyatı», «Sənətkara töhfə», «Sənətin tərənnümü», «Sənətkarlıq məsələləri» və b. kitabların müəllifi olmuşdur.
1981-1989-cu illərdə kafedraya prof. B.H.Tahirbəyov rəhbərlik etmişdir. Onun «Tərcümə haqqında elmin fəlsəfi problemləri» monoqrafiyası dünya ədəbiyyatının və tərcümə nəzəriyyəsinin tədrisində əhəmiyyətli yer tutur.
1989-cu ildən kafedraya prof. Cəlil Qərib oğlu Nağıyev başçılıq edir. O, «Serb romantik poeziyası və Şərq», «Koroğlunun Çin qaynaqları» monoqrafiyalarının, «Qədim Şərq ədəbiyyatı» dərsliyi və «Kitabi-Dədə Qorqud» və Azərbaycan- cənubi slavyan ədəbi əlaqələri» dərs vəsaitinin müəllifi, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi nəzdindəki Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının üzvü, BDUnun Filologiya fakültəsi nəzdində Dissertasiya Şurasında seminar rəhbəridir.
Kafedrada bir neçə istiqamətdə tədqiqat işləri aparılır: dünya ədəbiyyatı tarixi, elmin metodologiyası, müqayisəli ədəbiyyat. Son illər kafedra üzvləri tərəfindən bir neçə dərslik və monoqrafiya nəşr edilmişdir. Prof. C.Q.Nağıyev «Dünya ədəbiyyatına aid oçerklər» toplusu, «Klassik fransız ədəbiyyatından yeddi portret» monoqrafiyasını və İ.M.Tronskinin «Antik ədəbiyyat» dərsliyinin tərcüməsini çap etdirmişdir.
Prof. Ə.M.Xəlilovun «S.Yesenin və Azərbaycan», «A.Blok və Azərbaycan ədəbiyyatı», «Həyata müdrik baxış» adlı monoqrafiyaları, «XX əsr rus ədəbiyyatı» dərsliyi, «Dünya ədəbiyyatı» 7 cildlik dərs vəsaiti; prof. Ü.İ.Bədəlbəylinin «Şekspir Azərbaycanda», «İngilis intibahı və Şərq» monoqrafiyaları, «Müasir ingilis ədəbiyyatına aid oçerklər» (rus dilində); dos. N.A.Sadıxlının «Balkan türklərinin ədəbiyyatı (bolqar türkləri)»; dos. N.F.Həsənovanın «Müasir Avropa ədəbiyyatı» (rus dilində) adlı dərs vəsaitləri; müəl. Noval Al-Abbasinin «Azərbaycan-Avstriya ədəbi əlaqələri» monoqrafiyası nəşr olunmuşdur.

Bookmark and Share