Home AZ | EN | RU

Kafedranın tarixi

1939-cu ilin avqustunda yaradılmış və onun ilk müdiri f.e.n. Yusif Əliyev olmuşdur. Lakin kafedra uzun müddət fəaliyyət göstərə bilməmiş, 1940-cı illərin əvvəllərində Ümumi dilçilik kafedrası ilə birləşdirilmiş və həmin kafedranın tərkibində 1967-ci ilə kimi fəaliyyət göstərmişdir. İndiki Azərbaycan dilçiliyi kafedrası 1967-ci ilin əvvəllərində təşkil olunmuş və həmin ilin aprel ayında prof. Əlövsət Zakir oğlu Abdullayev kafedra müdiri vəzifəsinə seçilmişdir. 1988-1999-cu illərdə kafedraya prof. Kamil Nəriman oglu Vəliyev, 1999-cu ildən 2009-cu ilədək Əməkdar elm xadimi, akademik Ağamusa Ağası oğlu Axundov rəhbərlik etmişdir. 2009-cu ilin dekabr ayından kafedra müdiri prof. Sənubər Əlövsət qızı Abdullayevadır.
Kafedranın əsas istiqaməti Azərbaycan dilinin fonetikası, leksikası, qrammatik quruluşu, nitq mədəniyyəti məsələlərinin öyrənilməsidir.
Azərbaycanın görkəmli türkoloq alimi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Zakir oğlu Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin müəllifi olmuşdur.
Prof. Ə.Abdullayev «Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr», «Sintaksisin aktual məsələləri», «Azərbaycan dili məsələləri», «Türk dillərinin tarixi inkişafı məsələləri», «Köməkçi nitq hissələri», «Müasir Azərbaycan dilində sintaktik əlaqələr» əsərlərinin müəllifidir. Bunlardan başqa, alim iki böyük akademik nəşrin («Azərbaycan dilinin qrammatikası», «Müasir Azərbaycan dili») və 4 cildlik «Müasir Azərbaycan dili» dərsliyinin müəlliflərindən biridir. Sonuncu fundamental əsərə görə o, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.
Akademik A.A.Axundov Əməkdar elm xadimi adına, Dövlət mükafatına layiq görülmüş, «Şöhrət» ordeni ilə təltif olunmuşdur. 35 kitabın, 224 elmi məqalənin müəllifidir. Onun «Azərbaycan dilinin fonemlər sistemi», «Azərbaycan dilinin fonetikası», «Azərbaycan dilinin izahlı lüğəti», «Ümumi dilçilik», «Riyazi dilçilik», «Azərbaycan dilinin tarixi fonetikası», «Feilin zamanları», «Dilin estetikası», «Torpağın köksündə tarixin izləri», «Dil və üslub məsələləri» və s. kitabları, monoqrafiyaları dilimizin müxtəlif sahələrinə aid dəyərli əsərlərdir.
Prof. S.Ə.Abdullayeva «Müasir Azərbaycan dilində zərf» adlı dərs vəsaitinin, «Azərbaycan nağıl və dastanlarının dili», «Müasir Azərbaycan ədəbi dilinin işgüzar üslubu» (həmmüəllif) adlı monoqrafiyaların, «Azərbaycan dilinin praktik kursu» (həmmüəllif) adlı dərsliyin müəllifidir.
Kafedrada vaxtilə akad. Kamal Abdulla, prof. Səlim Cəfərov, prof. Bayram Əhmədov, prof. Zinyət Əlizadə, prof. Kamil Əliyev, prof. Nədimə Abbasova, prof. Firudin Cəlilov və digər görkəmli alimlər çalışmışlar.
Prof. T.M.Hacıyev «Tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələri», «Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası», «Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası» monoqrafiyalarının, prof. əvəzi Z.Ə.Şahbazova «Ara söz və ara söz birləşmələri», «Azərbaycan dilində əvəzliklər», «Əvəzliyin morfologiyası», «Əvəzliyin sintaksisi» və «Əvəzliyin qrammatikası» monoqrafiyalarının, dos. F.A.Şiriyev «Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika» dərs vəsaitinin müəllifidir. Dos. İ.T.Məmmədovun «Azərbaycan dilinin semantikası» dərs vəsaiti, dos. R.Y.Həbiblinin «Nitqin elmi üslubu» (Filologiya təmayülü), «Nitqin elmi üslubu» (Jurnalistika təmayülü), «Nitqin elmi üslubu» ( Psixologiya təmayülü) dərs vəsaitləri çap olunmuşdur.

Bookmark and Share