Home AZ | EN | RU

Kafedranın tarixi

Azərbaycan ədəbiyyatı tarixi adı ilə 1939-cu ildə yaradılmış, 2004-cü ildə isə  Klassik Azərbaycan ədəbiyyatı adlandırılmışdır. 2016-cı ildə Müasir Azərbaycan ədəbiyyatı kafedrası ilə birləşdirlərək yenidən Azərbaycan ədəbiyyatı tarixi kafedrası adlandırılmışdır. Kafedranın ilk müdiri Mikayıl Rəfili olmuşdur (1939-1941). Sonralar kafedraya akademik Feyzulla Qasımzadə (1941-1950), prof. Cəfər Xəndan Hacıyev (1951-1961), prof. Mir Cəlal Paşayev (1961-1978), prof. Firudin Hüseynov (1979-1986), AMEA-nın müxbir üzvü, prof. Əlyar Səfərli (1986-1994), AMEA-nın müxbir üzvü, Respublika Dövlət mükafatı laureatı, prof. Təhsin Mütəllimov (1995-2000), f.e.d. Baba Babazadə (2000-2001), prof. Qara Namazov (2002-2008) rəhbərlik etmişlər.  
Azərbaycan ədəbiyyatı tarixi kafedrası əsasında 1970-ci ildə Müasir Azərbaycan ədəbiyyatı kafedrası fəaliyyətə başlamış və 2016-cı ilə qədər fəaliyyət göstərmişdir. Fəaliyyətinin bu mərhələsində kafedranın əsas pedaqoji və elmi istiqamətini sovet dövrü Azərbaycan ədəbiyyatının tədrisi və onun aktual problemlərinin tədqiqi təşkil etmişdir. Kafedrada Azərbaycanın xalq şairi, akademik Bəxtiyar Vahabzadə, tənqidçi-ədəbiyyatşünas, professor Fəridə Vəzirova, yazıçı-alim, professor Gülhüseyn Hüseynoğlu, professorlar Abbas Zamanov, Cəlal Abdullayev, Nəcəf Quliyev kimi nüfuzlu alimlər çalışmışlar.
Yarandığı tarixdən kafedraya Azərbaycanın xalq şairi, akademik Bəxtiyar Vahabzadə (1970-1971), AMEA-nın müxbir üzvü, professor Abbas Zamanov (1972-1979), filologiya elmləri doktoru, professor Cəlal Abdullayev (1979-2010) və professor Tofiq Hüseynoğlu (2010-2016) rəhbərlik etmişlər.
Hal-hazırda Azərbaycan ədəbiyyatı tarixi kafedrasına (2008-ci ildən) akademik Nərgiz Arif qızı Paşayeva rəhbərlik edir.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasına 17 il ərzində prof. Mir Cəlal Paşayev rəhbərlik etmiş, «Ədəbiyyatşünaslığın əsasları» kursunun əsasını qoymuş, ömrünün sonuna qədər bu kursu tədris etmiş, filologiya elmində məktəb yaratmışdır. Prof. Mir Cəlal Paşayev 36 nəfərin namizədlik və doktorluq işinə rəhbərlik etmişdir. Onun «XX əsr Azərbaycan ədəbiyyatı» (F.Hüseynovla həmmüəllif), «Ədəbiyyatşünaslığın əsasları» (P.Xəlilovla həmmüəllif) dərslikləri və «Füzuli sənətkarlığı», «C.Məmmədquluzadə realizmi haqqında»,  «Klassiklər və müasirlər», «Azərbaycanda ədəbi məktəblər  1905-1917» monoqrafiyaları bu gün də öz elmi dəyərini qoruyur. Kafedranın professorları, AMEA-nın həqiqi üzvü Nərgiz Paşayeva və AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov Mir Cəlal Paşayevin şeir, hekayə, felyeton, tərcümə, xatirə və oçerklərini əhatə edən «Seçilmiş əsərləri»ni (5 cilddə) nəşr etdirmişlər.
Azərbaycan ədəbi-estetik fikir tarixinin görkəmli tədqiqatçılarından olan akademik N.A.Paşayevanın «Sabirin novatorluğu», «İnsan bədii tədqiq obyekti kimi», «Yeniləşən ədəbiyyatın yeni insanı», «İnsan-surət-ədəbiyyat» (rus dilində) və s. monoqrafiyaları müasir ədəbiyyatşünaslığın dəyərli nümunələridir. Müəllifin iki hissəli «Antik ədəbiyyat tarixi» dərsliyi isə qədim yunan və Roma ədəbiyyatlarının öyrənilməsi üçün əhəmiyyətli mənbədir.
Akademik N.A.Paşayeva Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğində ardıcıl fəaliyyət göstərir. Onun təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi yaradılmışdır. Akademik N.A.Paşayeva «Azərbaycan mədəniyyətinin dostları» xeyriyyə fondunun İdarə Heyətinin üzvü, «ÜNS» bədii yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, «İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyəti»nin həmsədridir.
Akademik Paşayeva 2014-cü ildə AMEAnın müxbir üzvü seçilmişdir.
Kafedrada qədim dövrlərdən 1920-ci ilə qədər Azərbaycan ədəbiyyatı tarixi tədqiq edilir, ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbiyyatının tədrisi metodikası kimi sahələr öyrənilir.
Kafedranın bütün tarixi ərzində burada görkəmli alimlər çalışmış, bir sıra dəyərli monoqrafiya və dərsliklər çap etdirmişlər. Bunlardan prof. M.H.Rəfilinin «Mirzə Fətəli Axundov» monoqrafiyasını, «Ədəbiyyat nəzəriyyəsinə giriş» dərsliyini, akad. F.S.Qasımzadənin M.F.Axundova və A.Bakıxanova həsr olunmuş monoqrafiyalarını, «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» dərsliyini, prof. C.X.Hacıyevin «Ədəbiyyat nəzəriyyəsi», «XX əsr Azərbaycan ədəbiyyatı» (II h.) dərsliklərini, «XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri», «Sabir yaradıcılığında sənətkarlıq xüsusiyyətləri» monoqrafiyalarını göstərmək olar.
Prof. F.C.Hüseynovun «Əli Nəzmi», «Adi əhvalatlarda böyük həqiqətlər», «Satirik gülüşün qüdrəti», «Molla Nəsrəddin və mollanəsrəddinçilər» monoqrafiyaları, prof. İ.H.Bektaşinin «Abdulla bəy Divanbəyoğlu», «Firidun bəy Köçərlinin yaradıcılıq yolu» monoqrafiyaları, AMEA-nın müxbir üzvü, prof. Ə.Q.Səfərlinin «Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı» (X.Yusifovla həmmüəllif) dərsliyi, «XVII-XVIII əsrlərAzərbaycan epik şeiri» monoqrafiyası, AMEA-nın müxbir üzvü, prof. T.M.Mütəllimovun «Ə.Haqverdiyevin poetikası», «Ə.Əbülhəsənin yaradıcılığı», «Sənət qayğıları» monoqrafiyaları, prof. B.H.Babazadənin «Bədii əsərdə tipiklik», «Ədəbi xarakter və tip» dərs vəsaitləri, prof. S.M.İbrahimovun «Mətnşünaslıq», «Orta əsrlər Azərbaycan romatik ədəbiyyatı» dərslikləri, dos. M.T.Vəliyevin «Q.Bürhanəddinin mənəvi dünyası» monoqrafiyası, dos. M.O.Bayramlının «Azərbaycan realist poeziyasının təkamülü» kitabı, dos. Y.N.İsmayılovanın «Dədə Qorqud» kitabı və müasir Azərbaycan düşüncəsi» monoqrafiyası, dos. L.S.Əliyevanın «Klassik Azərbaycan bədii nəsrində hekayə janrı» dərs vəsaiti klassik Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsinə və tədrisinə mühüm töhfə olmuşdur.
Uzun müddət bu kafedrada çalışmış prof. C.M.Əhmədov (1928-1999) ədəbiyyatın tədrisi metodikası sahəsində Azərbaycanda ilk elmlər doktoru olmuşdur. O, 115 elmi əsər yazmışdır. Onun «Azərbaycan ədəbiyyatının tədrisi tarixindən» və «Ədəbiyyat dərslərində bədii təhlil» monoqrafiyalarında Azərbaycan ədəbiyyatının tədrisi ilə bağlı bir sıra elmi-metodiki məsələlər nəzəri aspektdən araşdırılmışdır. Ali məktəb tələbələri onun «Ədəbiyyatın tədrisi metodikası» dərsliyindən bu gün də istifadə edirlər.
Prof. Q.M.Namazov Azərbaycan və dünya ədəbiyyatının bir sıra nümunələrini nəşr etdirmişdir: «Qaracaoğlan», «Azərbaycan uşaq ədəbiyyatı antologiyası» (3 cilddə); «El çələngi»; «Səməd Vurğun. Seçilmiş əsərləri»; «Ata və oğul»; «Aşıqlar» bioqrafik məlumat kitabı. O, «Azərbaycan uşaq ədəbiyyatı» dərsliyinin, «Aşığın sazı və sözü», «Xalq qəhrəmanının şöhrəti (Qaçaq Kərəm haqqında monoloq)», «C.Çörçvodun tarixi kəşfləri», «Ozan-aşıq sənətinin tarixi» monoqrafiyalarının müəllifidir.
Prof. X.Ə.Əlimirzəyevin 10 monoqrafiyası («Cəlil Məmmədquluzadənin ədəbi-tənqidi görüşləri», «Dədə Qorqud» dastanında şəxsiyyət və cəmiyyət problemi», «N.Gəncəvinin insan konsepsiyası», «M.F.Axundovun ideal və sənət dünyası» və s.), 1 dərs vəsaiti çap olunmuşdur.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçı prof. C.M.Abdullayev «Səməd Vurğunun poetikası», «Lirika və zaman», «Səməd Vurğunun sənət dünyası», «Hüseyn Cavid» monoqrafiyalarının müəllifi,  ali məktəblərin filologiya fakültələri üçün hazırlanmış ikicildlik «Müasir Azərbaycan ədəbiyyatı» dərsliyinin əsas müəlliflərindən biri olmuşdur.
Prof. T.H.Hüseynovun «Tarixi roman ustası», «Ədəbiyyatla yaşayıram», «Söz – Tarixin yuvası», «Ürək qanı ilə» («Сердце с кровью»); professor A.Ə.Abasovun «Üzeyir Hacıbəyovun sənətkarlığı», «Mətbuat və ədəbiyyat», «Əbədiyyətə qovuşan sənətkar»; professor İ.S.Əliyevanın «Bəxtiyar Vahabzadənin lirikası», «Məmməd Rahim», «Poetik ilhamın özünəməxsusluğu»; V.S.Sultanlının  «Azərbaycan mühacirət ədəbiyyatı», «Azərbaycan ədəbi tənqidi»; professor A.Ə.Məmmədovanın «Cənubi Azərbaycan şeirinin inkişaf mərhələləri», «Güney Azərbaycan ədəbiyyatı: mərhələlər, təmayüllər, etüdlər»; dosentlər İ.Rəhmanovanın «Mikayıl Rzaquluzadə»; H.N.Abdıyevanın «Əyyub Abbasovun yaradıcılığı» ; T.T.Hüseynlinin «Hüseyn Cavid və Azərbaycan mühacirət ədəbiyyatşünaslığı»; R.M.Həsənovun «Müasir Azərbaycan poemalarında folklor motivləri»; S.İ.Hüseynovanın «İsa Muğannanın sənət möcüzəsi»; S.A.Abasovanın «İsi Məlikzadənin yaradıcılığı» monoqrafiyaları müasir Azərbaycan ədəbiyyatının mühüm problemlərinə həsr olunmuşdur.
Prof. V.Sultanlının «Azərbaycan mühacirət ədəbiyyatı» və «Ruhun ağrıları» monoqrafiyaları Türkiyədə, «Müasir Azərbaycan nəsri» və «Müasir Azərbaycan qadın nəsri» antologiyaları ABŞ-da çap olunmuşdur.

Bookmark and Share