Kafedra haqqında
Kafedra 2014-cü ildə mərhum professor Yusif Seyidovun rəhbərlik etdiyi “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasının tərkibindən ayrılaraq Azərbaycan dili kafedrası adı ilə fəaliyyətə başlamışdır. Kafedranın 19 əməkdaşı var: Dosentlər Səidə Abbasova, Sultan Seyidova, Zöhrə Nəbiyeva, Ofelya Piriyeva, Samirə Orucova, Samirə Mərdanova, Asifə Əliyeva, Nailə Məmmədova, Şəlalə Abasova, Xanımana Manaflı, Əliheydər Ağakişiyev; dosent əvəzi Lətafət Əliyeva; fil.fəl. dok. Əliyeva Şəlalə, Qəhrəmanlı Yeganə; müəllimlər İradə Məhərrəmova, Nigar Hacıyeva, tədris köməkçi heyət üzvləri; Aytəkin Mirzəyeva, Fikrət İsmayılov, Ülkər Səlimova.
Hal-hazırda kafedraya dosent Səidə Vaqif qızı Abbasova rəhbərlik edir. S.V.Abbasova dilçilik və ədəbiyyatla bağlı 65-dən çox elmi məqalənin, magistratura pilləsi üçün dərslik, proqram və monoqrafiyanın, bakalvr pilləsi üçün “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyinin (həmmüəllifli), nitqin inkişafı və nitq mədəniyyətinə dair dərs vəsaitləri və proqramların müəllifidir. 2014-cü ildə mərhum professor Y.M.Seyidovun “Azərbaycan dili” dərsliyinin 10-cu nəşrini yenidən işləyərək çap etdirmişdir.
Azərbaycan dilinin inkişafı, bu dilə qayğı daim dövlət və hökümətimizin diqqət mərkəzindədir. Bu səbəbdəndir ki, Ulu öndərimiz Heydər Əliyev dilimizin Dövlət səviyyəsində qorunması və tətbiqi üçün bir-birinin ardınca fərman və sərəncamlar imzalamışdır. Hal-hazırda Respublikamızın Prezidenti İlham Əliyev bu missiyanı uğurla davam etdirir. Azərbaycan Respublikasının prezidenti İ.Əliyev 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” sərəncam vermişdir. Azərbaycan dilinin inkişafı ilə bağlı verilən bu sərəncamın davamı olaraq, Azərbaycan dilinin inkişafına dair 9 avqust 2013-cü ildə Dövlət proqramını imzaladı. Bu proqramda ilk dəfə olaraq Nitq mədəniyyətinə xüsusi yer ayrılmış, “Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi dövlət başçısı tərəfindən tövsiyə edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 avqust 2014-cü il tarixli əmri ilə təsdiq olunmuş təhsil proqramına uyğun olaraq respublikanın bütün ali məktəblərinin tədris planlarına “Azərbaycan dili və nitq mədəniyyəti” fənni daxil edilmişdir. Universitetin bütün fakültələrinin Azərbaycan, rus və ingilis bölmələrinin I kurslarında tədris edilən bu fənnə 60 saat verilmişdir. Bu saatlardan 15 saatı mühazirə, 45 saatı məşğələ dərsləri üçün nəzərdə tutulmuşdur. Fənnin tədrisində məqsəd tələbələrin Azərbaycan dilində yüksək nitq mədəniyyətlərinin formalaşdırılması, onların yazılı və şifahi nitqlərinin inkişaf etdirilməsidir. Bakı Dövlət Universitetinin rektorunun 16.09.2016-cı il tarixli, R-83 saylı əmrinə əsasən “Azərbaycan dili” kafedrasının adı dəyişdirilərək “Azərbaycan dili və nitq mədəniyyəti” kafedrası adlandırılmışdır. Bu illər ərzində kafedranın müəllimləri tərəfindən tədris olunan fənnin profilinə uyğun olaraq proqram, dərsliklər və dərs vəsaitləri, metodik göstərişlər hazırlanıb, nəşr edilmişdir. Məsələn:
1) 2014-cü il kafedranın müəllimləri dos. Ofelya Piriyeva və İradə Məhərrəmovanın “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimlərinin həmmüəllifliyi ilə Ali məktəblərin hazırlıq fakültələrinin Azərbay¬can dilini öyrənmək istəyən xarici tələbələri üçün “Azərbaycan dili” dərsliyi hazırlanıb çap olunmuşdur. Dərslikdə Azərbaycan dilinin qrammatikasına aid nəzəri izahatlarla yanaşı, xarici tələbələrin Azərbaycan dilində yazılı və şifahi nitqlərini düzgün inkişaf etdirmək üçün çalışmalar, bədii nəsr parçaları, şeirlər, aktual problemləri əhatə edən mətnlər, maraqlı məlumatlar verilmişdir. Dərslikdən təkcə xarici tələbələr deyil, Azərbaycan dilini öyrənmək istəyən hər kəs istifadə edə bilər.
2) 2015-ci ildə kafedranın dosenti Nailə Məmmədovanın “Azərbaycan dili və ədəbiyyat dərslərində yazılı nitqin inkişaf etdirilməsi” adlı metodik göstərişi nəşr olunmuşdur. Metodik göstərişdə orta məktəblərin dil və ədəbiyyat dərslərində şifahi və yazılı nitqin inkişaf etdirilməsinə dair məşğələlərin necə keçirilməsindən, hansı metod və vasitələrdən istifadə edilməsindən bəhs edilir.
3) 2015-ci ildə kafedranın dosenti Samirə Orucova “Lirik əsərlərin tədrisi” adlı metodik göstəriş hazırlayıb nəşr etdirmişdir.
4) 2016-cı ildə dosent Xanımana Manaflı “Ədəbi dilin fonetik və leksik normalarının tədrisinə dair” metodik göstəriş çap etdirmişdir. Metodik göstərişdə Azərbaycan ədəbi dilinin fonetik və leksk normalarının tələbələrə düzgün və optimal mənimsədilməsi üçün müəllimin istifadə edə biləcəyi üsul və vasitələr təqdim edilib.
5) 2015-ci ildə kafedranın dosentləri Səidə Abbasova və Sultan Seyidovanın, professor Sənubər Abdullayevanın həmmüəllifliyi ilə Ali təhsilin bakalavr pilləsi üçün “Azərbaycan dili və nitq mədəniyyəti fənninin proqramı və həmin proqrama uyğun olaraq kafedranın adı çəkilən müəllimləri və “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasının dosenti Əhəd Cavadovun həmmüəllifliyi ilə 2016-cı ildə Ali məktəblərin Azərbaycan bölmələri üçün “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi hazırlanıb çap edilmişdir.
6) 2015-ci ildə Ali məktəblərin rus bölmələri üçün də “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin proqramı hazırlanmışdır və həmin proqram üzrə Ali məktəblərin rus bölmələrinin tələbələri üçün kafedranın dosentləri Samirə Mərdanova, Şəlalə Abasova, Xanımana Manaflının müəllifi olduqları Azərbaycan dili və nitq mədəniyyəti adlı dərs vəsaiti çap olunmuşdur.
Bundan başqa kafedranın müəllimləri dərs dedikləri fakültələrin profilinə uyğun olaraq tapşırıq, tərcümə və oxu mətnlərindən ibarət dərs vəsaitləri hazırlayırlar. Artıq coğrafiya, fizika və kimya fakültələri üçün dərs vəsaitləri çap olunub. Bu da həmin fakültələrin tələbələrinin bu fənni daha əhatəli öyrənmələrinə imkan yaradır.
Kafedranın əməkdaşları tədris və elmi işlərlə yanaşı universitetin və fakültənin ictimai işlərində də fəal iştirak edirlər. Məsələn: Respublika prezidenti İlham Əliyevin “2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunması” ilə bağlı sərəncamı ilə əlaqədar olaraq kafedranın müəllimləri və hüquq fakültəsinin tələbələrinin iştirakı ilə “Azərbaycan dünyanın multikulturalizm mərkəzi kimi” mövzusunda elmi seminar, hüquq fakültəsinin tələbələrinin iştirakı ilə böyük dramaturq H.Cavidin 135 illik yubleyinə həsr olunmuş tədbir, 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir, kitabxanaçılıq informasiya fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq “Cümhuriyyət dövründə maarif və dil problemləri” mövzusunda elmi seminar, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və Azərbaycan Atatürk Mərkəzinin təşkilatı dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş şagirdlər arasında vətənpərvərlik mövzusunda keçirilən şeir müsabiqəsində, respublikanın aparıcı ali təhsil müəssisələri olan Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Sumqayıt Dövlət Universitetinin müəllim və professorlarının iştirakı ilə Azərbaycan dili və nitq mədəniyyətinə dair yeni nəşrlərin müzakirəsinə həsr olunmuş dəyirmi masa və s. tədbirlər keçirmişlər.
Qeyd edək ki, kafedrada keçirilən bütün bu tədbirlər mətbuatda, Bakı Universiteti qəzetində, Bakı Universiteti saytında və respublikanın bir çox mətbuat və informasiya saytlarında geniş işıqlandırılmışdır.
Əlaqə: İmeyl: nitqmədəniyyəti @inbox.ru
Tel: (012) 538-07-75
