Home AZ | EN | RU

Kafedranın tarixi

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası 1965-ci ildə yaranmışdır. Həmin vaxtdan 2013-cü ilin noyabr ayına kimi kafedraya Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, prof. Yusif Mir Əhməd oğlu Seyidov rəhbərlik etmişdir.
O, filologiyanın nəzəri və tətbiqi problemlərinə aid 500 -dən çox elmi əsərin, o cümlədən 40-dan çox monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur. Azərbaycan klassik dilçiliyinin görkəmli nümayəndəsi olan prof. Y.M.Seyidov Azərbaycan dilçiliyində, ümumən türkologiyada görkəmli mütəxəssisdir. Onun elmi tədqiqat marağı Azərbaycan filologiyasının bir sıra əsas problemlərini əhatə edir, əsərləri elmi-nəzəri səviyyəsi, metodoloji kamilliyi ilə fərqlənir. Onun «Azərbaycan dilində söz birləşmələri», «Azərbaycan dilinin qrammatikası. Morfologiya», «Ey ulu dünya», «Nəsiminin dili», «Şairin dərdi» və s. əsərləri filologiyamızın uğurlu tədqiqatları kimi qiymətləndirilmişdir. Alimin bütün yaradıcılığı 15 cilddə toplanmış və 11 cildi çap olunmuşdur. Y.M.Seyidovun «Azərbaycan dili» dərsliyi 1978-ci ildən ali məktəblərin rus bölmələrində yeganə dərslik kimi dəfələrlə  çap edilərək istifadə olunmaqdadır.
Hazırda kafedranın müdiri Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Hüseyn Abbas oğlu Əsgərovdur.
Dilçiliyin müxtəlif sahələri ilə məşğul olan H.A.Əsgərov 70-dən çox elmi, onlarla publisistik məqalənin, 3 monoqrafiyanın, ali məktəblərin filologiya fakültələri, həmçinin ümumtəhsil məktəbləri üçün dərslik, dərs vəsaitlərinin müəllifidir.
Mövcud olduğu 53 il ərzində kafedra həm tədrisin təşkili, həm də dilçi, dilçi-metodist kadrların hazırlanmasında səmərəli iş görmüşdür. Kafedrada Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Qrammatik təhlilin nəzəri və metodik əsasları, Azərbaycan dili və ədəbiyyatının tədrisi tarixi, İfadəli oxu,Qrammatika problemləri fənləri tədris olunur. Kafedranın üzvləri tərəfindən 100-dən çox monoqrafiya, dərs vəsaiti, dərslik, metodik göstəriş hazırlanıb nəşr edilmişdir. Son illərdə H.A.Əsgərovun «Azərbaycan dilində maddi mədəniyyət leksikası», M.Ə.Abdullayevanın «Klassik poeziya: ezoterik xəzinə», R.D.Mahmudovanın «Azərbaycan dilində şəkilçilərin omonimliyi» monoqrafiyaları, R.İ.Quliyevanın «Qrammatik təhlilin nəzəri-metodik əsasları» (həmmüəllif), M.Ə.Qurbanova və R.D.Mahmudovanın «Nitqin inkişafı» monoqrafiya və dərslikləri, M.Ə.Abdullayevanın və E.H.Məmmədovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil, məktəb və tədris məsələləri” dərs vəsaiti  çap olunmuşdur.

Bookmark and Share