Ümumi dilçilik kafedrası
Ümumi dilçilik kafedrası. Kafedra 1920-ci ildə Tarix-filologiya fakültəsi nəzdində Ümumi (müqayisəli) dilçilik kafedrası kimi yaradılmışdır. Kafedra bakalavriatura pilləsində Dilçiliyə giriş, Ümumi dilçilik, Latın dili, Müqayisəli qrammatika, magistratura pilləsində isə Sosiolinqvistika, Nəzəri dilçilik, Dilçilik metodları, Struktur dilçilik, Etnolinqvistika, Psixolinqvistika, Tətbiqi dilçilik fənlərini tədris edir.
Kafedranın əməkdaşları, əsasən, dil nəzəriyyəsi ixtisası üzrə araşdırmalar aparırlar.
Kafedra yarandığı vaxtdan ona aşağıda adları çəkilən alimlər rəhbərlik etmişlər: prof. V.B.Tomaşevski (1920-1924), dos. M.V.Belyayev (1926-1927), prof. R.İ.Şor (1928-1929), dos. Əkrəm Cəfərov (1939-1940), prof. Məmmədağa Şirəliyev (1940-1951), prof. Muxtar Hüseynzadə (1951-1981), prof. Ağamusa Axundov (1981-1991), prof. Musa Adilov (1991-1996). 1996-cı ildə Ümumi dilçilik kafedrası bağlanır.
2001-ci ildə kafedra yenidən açılmış və 2016-cı ilə kimi ona akademik, Əməkdar elm xadimi Nizami Qulu oğlu Cəfərov rəhbərlik etmişdir. 2016-2019-cu illərdə kafedra müdiri professor Əbülfəz Əjdər oğlu Rəcəbli olmuşdur. 2019-cu ildən kafedraya akademik Nizami Cəfərov rəhbərlik edir.
Kafedrada 10 əməkdaş: professorlar – AMEA-nın müxbir üzvü Nizami Cəfərov və Əbülfəz Rəcəbli, dosentlər Şəkər Qasımova, Məhəmməd Məmmədov, Cavanşir Muradov, baş müəllimlər fil.f.d. Elmira Həmzəyeva, Firuz Mehdiyev, Cəmilə Əliyeva, Svetlana Məmmədova və tədris-köməkçi heyət üzvü fil.ü.f.d. Lətafət Ələkbərova çalışır.
AMEA-nın müxbir üzvü, prof. N.Q.Cəfərov görkəmli dilçi alimdir. O, Azərbaycan dilinin tarixi, nitq mədəniyyəti və üslubiyyat, eləcə də türkologiya, ümumi dilçilik, ədəbiyyat tarixi sahələrində ciddi araşdırmaları ilə tanınır. Onun «Azərbaycan türkcəsinin milliləşməsi tarixi», «Eposdan kitaba», «Genezisdən tipologiyaya», «Azərbaycanşünaslığın əsasları» kitabları, o cümlədən 5 cildlik seçilmiş əsərləri çapdan çıxmışdır. Prof. N.Q.Cəfərov Əməkdar elm xadimi, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin müdiridir. O, beynəlxalq konfransların, konqreslərin, qurultayların iştirakçısı və məruzəçisi olmuşdur.
Prof. Ə.Ə.Rəcəblinin Azərbaycan dili və ədəbiyyatı, ingilis dili və beynəlxalq münasibətlər ixtisasları üzrə üç ali təhsili vardır. Onun əsərləri ümumi dilçilik, dil nəzəriyyəsi və dilçilik tarixi, türkologiya, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dilçiliyi, tarix, ingilis dili və ədəbiyyatı, beynəlxalq münasibətlər, etnoqrafiya və coğrafiya və s. məsələlərə həsr olunmuşdur. «Qədim türk yazı abidələri» (4 cilddə), «Qədim türk yazısı abidələrinin dili» (2 cilddə), «Göytürk dili» (4 cilddə), «Ulu türklər», «Azərbaycan dilçiliyi», «Dilçilik tarixi» (2 cilddə), «Nəzəri dilçilik», «Dilçilik metodları», «Sosiolinqvistika», «Struktur dilçilik», «Tipoloji dilçilik», «Universalilər dilçiliyi», «Dilçiliyə giriş» kursundan mühazirə mətnləri», «Linqvistik ölkəşünaslığın əsasları», «Talış dilinin fonetikası» kitablarının, V.fon Humboldt, U.D.Uitni və F.dö Sössür haqqında monoqrafiyaların müəllifidir. O, alman dilçisi V.fon Humboldtun «Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mənəvi inkişafına təsiri haqqında» kitabını Azərbaycan dilinə tərcümə etmişdir.
Kafedranın dosenti C.X.Muradov müasir dilçiliyin yeni sahələri olan psixolinqvistika, sosiolinqvistika, etnopsixolinqvistika, koqnitiv dilçiliklə məşğul olur. Onun «Psixolinqvistika» (həmmüəlliflərlə birlikdə), «Azərbaycan və rus dillərinin müqayisəli qrammatikası» (həmmüəlliflərlə birlikdə) kitabları nəşr olunmuşdur.
