«Türkoloji araşdırmalar» ETL haqqında
«Türkoloji araşdırmalar» Elmi Tədqiqat Laboratoriyası Azərbaycan Respublikası Təhsil nazirinin 12 iyul 2010-cu il tarixli, 1088 saylı və Bakı Dövlət Universiteti rektorunun 11 noyabr 2010-cu il tarixli, R-72 saylı əmrlərinə əsasən yaradılmışdır.
Laboratoriya Türkologiya kafedrasının nəzdində 2012-ci il mayın 1-dən fəaliyyət göstərir və 2015-ci ilin noyabr ayına kimi ona türk dünyasının görkəmli dilçi alimi, akademik Tofiq İsmayıl oğlu Hacıyev rəhbərlik etmişdir.
Laboratoriyanın elmi tədqiqat işləri türkologiyanın aktual problemləri istiqamətində aparılır. 2012-2014-ci illərdə «Bəkir Çobanzadə və türkologiyanın aktual problemləri», 2015-2017-ci illərdə «Müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri» mövzularında tədqiqatlar aparmış laboratoriya əməkdaşları, hazırda 2018-2020-ci illər üçün nəzərdə tutulmuş «Türk leksikologiyasının nəzəri problemləri» mövzusu üzrə elmi plan işini yerinə yetirir.
«Türkoloji araşdırmalar» Elmi Tədqiqat Laboratoriyası müasir qloballaşma şəraitində türkologiyanın dünya elminə inteqrasiyası, BDU-da türkologiyaya aid fənlərin yüksək səviyyədə tədrisi və mükəmməl elmi bazanın təşkili məqsədilə yaradılmışdır.
«Türkoloji araşdırmalar» Elmi Tədqiqat Laboratoriyasının fəaliyyətində türkologiyanın və altayşünaslığın müasir vəziyyəti və tarixi ilə bağlı mötəbər tədqiqatlardan ibarət elmi kitabxananın yaradılması; türkologiya və altayşünaslığa dair biblioqrafiyanın hazırlanması; türk və rus dillərindən ən qiymətli türkoloji mənbələrin Azərbaycan türkcəsinə tərcüməsi; türkologiya və altayşünaslığın aktual problemlərinə həsr olunmuş universitetdaxili, respublika və beynəlxalq səviyyəli elmi konfrans, qurultay, simpozium və seminarların təşkili nəzərdə tutulur.
Laboratoriya öz fəaliyyəti dövründə “Türkoloji araşdırmalar-1” adlı monoqrafik tədqiqatlar toplusu nəşr etdirmiş və iki beynəlxalq:
- 2015, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans;
- 2018, Görkəmli türkoloq, professor Bəkir Çobanzadənin 125 illik yubileyinə həsr olunmuş "Azərbaycan dili: dünən və bu gün" mövzusunda Beynəlxalq elmi konfrans.
5 respublika səviyyəli elmi konfrans keçirmişdir:
- 2013, Professor Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş «Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri» mövzusunda Respublika elmi konfransı.
- 2016, Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransı.
- 2016, I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş "Müasir türkologiya: dünən, bu gün və sabah" mövzusunda Respublika elmi konfransı.
- 2017, Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş "M.P.Vaqif və müasirlik" mövzusunda Respublika elmi konfransı.
- 2018, Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın 110 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
«Türkoloji araşdırmalar» Elmi Tədqiqat Laboratoriyası Türkiyə, Rusiya, Ukrayna, Polşa və Bosniya-Hersoqovinanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir.
Laboratoriyanın əməkdaşları hər il respublikada və xarici ölkələrdə təşkil edilən beynəlxalq səviyyəli elmi tədbirlərdə universiteti uğurla təmsil edirlər.
