Akademik məsləhətçi (tyutor) xidməti
Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tələbələrin akademik maraqlarını qoruyan tədris məsləhətçisidir.
Bakı Dövlət Universitetində Bolonya prosesinə keçid 2006-2007-ci tədris ilində başlanılıb. 1999-cu il iyun 19-da iyirmi doqquz Avropa dövləti tərəfindən keçirilən təhsil nazirlərinin görüşündə qəbul olunmuş Bolonya Deklarasiyanın əsas məqsədi Avropa təhsil müəssisələrində tələbələrin mobilliyini və verilmiş biliklərin həyata keçirilməsini təmin etmək, bir sözlə, təhsilin keyfiyyətini artırmaq, Avropa universitetlərinin bir-biri ilə inteqrasiyası, vahid kredit sisteminin yaradılması, tələbələrin mobilliyinin təmin olunması və ən əsası ali təhsil sənədlərinin və ixtisaslarının Avropa məkanında qarşılıqlı tanınmasıdır. Bu mənada Bolonya prosesinin əsas mahiyyəti Avropa universitetlərinin inteqrasiyasıdır.
Azərbaycan 2005-ci ildən Bolonya prosesinə qoşulub və buna uyğun olaraq müvafiq öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də ali təhsil müəssisələrində kredit sisteminin tətbiqidir. Ölkəmizin ali təhsil müəssisələrində kredit sisteminin tətbiqinin vahid qaydada aparılması haqqında 2006-cı ildə əsasnamə təsdiq olunub. Həmin əsasnaməyə uyğun olaraq BDU-da kredit sistemi ilə tədrisin təşkili barədə daxili əsasnamə qəbul olunub. 2008-ci ildən başlayaraq respublikada ilk dəfə tyutor kursları təşkil edilib. Bu kursları uğurla keçən namizədlərə diplom və sertifikatlar verilir, onların böyük əksəriyyəti tyutor kimi fakültələrdə Bolonya prosesinin qaydalarının həyata keçirilməsində iştirak edirlər.
“Tyutor” - fransız dilində özəl, şəxsi müəllim deməkdir, ancaq dilimizdə bu söz vəzifə kimi, tədris məsləhətçisi, akademik məsləhətçi kimi xarakterizə olunur. Tytorun əsas vəzifəsi kredit sistemi ilə təhsil alan tələbələrə kömək etməkdir. Belə ki, tyutor tələbələrin akademik maraqlarını qoruyur, müdafiə edir, eyni zamanda tədris prosesinin təşkili ilə bağlı zəruri məlumat və sənədləri tələbələrə təqdim edir. Onların fərdi tədris planlarının hazırlanmasında qrup və fərdi məsləhətlər verir. Lakin bununla yanaşı tyutor elektron universitetin fəaliyyətini təşkil edir və ona nəzarət edir. BDU-da elektron universitet fəaliyyət göstərir və tələbələr şəxsi loqin və parolları vasitəsi ilə elektron universitetə daxil olur və şəxsən onun seçdiyi fənlərdən mühazirə mətnlərini götürə, ondan istifadə edə və forumlarda iştirak edə bilir. Burada həmçinin universitet həyatı forumu var ki, tələbələr buraya daxil olmaqla universitet tələbələri ilə fikir mübadiləsi edə bilirlər. Tyutor bütün bunların təşkilində iştirak edir, tələbələrə istiqamət verir.
Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur. Tyutorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir. Bu zaman dövlət ali təhsil müəssisələrində hər bir tyutora 100-dən az olmamaq şərti ilə tələbə müəyyənləşdirlir. Özəl ali təhsil müəssisələri isə bu normativi özləri müəyyənləşdirirlər.
Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilir. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur. Tyutorlar:
- tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur;
- tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
- tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
- müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edirlər və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;
- tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;
- yay semestrinin təşkilində iştirak edirlər.
- Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları
- Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişikliklər (2017)
