Home AZ | EN | RU

01 may görkəmli türkoloq, akademik Tofiq Hacıyevin doğum günüdür - Allah rəhmət eləsin!

01/05/2017

Türk dünyasının görkəmli dilçi alimi, akademik Tofiq Hacıyev 01 may 1936-cı ildə anadan olub. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1958-ci ildə fərqlənmə diplomu ilə bitirib.  1962-ci ildə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” adlı namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1971-ci ildə professor elmi adı alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
1962-1968-ci illərdə M.F.Axundov adına Azər­baycan Pedaqoji Dillər İnstitutunun müəllimi, 1965-ci ildən dosenti vəzifə­sində çalışıb. 1968-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, 1971-ci ildən Türkologiya kafedrasının professoru vəzifəsində işləyib. 1984-2015-ci illərdə həmin kafedraya rəhbərlik edib. 1993-cü ildə Azərbaycan Respublikasının Maarif Naziri vəzifəsində çalışıb.
1995-ci ildə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix, Kültür Qurumunun fəxri üzvü seçilib. 1998-ci ildə Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişanı” ordeni ilə təltif olunub. 1999-cu ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Türkiyənin Sənətçilər və Yazarlar Vəqfinin 2002-ci il üzrə “Türk dünyasına xidmət” ödülünün sahi­bi olub. 2004-cü ildə Qaraman Türk Dili mükafatına, və Atatürk Dil Quru­mu­nun “Üstün Hizmət Barat”ına layiq görülüb.
2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2013-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub. 
Elmi fəaliyyəti, əsasən, Azərbaycan dilinin tarixi, ədəbi-bədii dil, dialektologiya, türkolo­giya məsələləri ilə bağlıdır. 22 elmlər namizədi, 6 elmlər doktoru hazırlayıb. 34 kitabın, 500-dən çox elmi və publisistik məqalənin müəllifidir.
27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Alimin əziz xatirəsi həmkarlarının, tələbələrinin və onun sevənlərin qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin.

 

Bookmark and Share