Home AZ | EN | RU

01 may «Türkoloji araşdırmalar» ETL-in 5 yaşı tamam olur

01/05/2017

Hər il may ayında bir çox əlamətdar günlər qeyd olunur. Ancaq 1 May tarixi 120 ildən çoxdur ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü kimi qeyd olunur.  
Bu tarixin əməksevərlər günü kimi qeyd olunmasının arxasında sanki sirli bir məqam gizlənib. Belə ki, bu tarixdə dünyaya göz açan onlarla görkəmli şəxsiyyətlər var: dünya şöhrətli türkoloq, akademik Tofiq Hacıyev, yazıçı İsi Məlikzadə, Xalq artisti Niyaməddin Musayev, Əməkdar jurnalist Sona Bağırova..... və adını çəkmədiyimiz onlarla tanınmış şəxsiyyətlər.
2012-ci ildə bu tarix BDU-nun 4 gənc əməkdaşının da tarixində əlamətdar hadisəyə çevrilir. Beynəlxalq əməksevərlər günündə Universitetin elmi-mədəni həyatında fəal olan üç nəfər magistrant rektor, akademik Abel Məhərrəmov tərəfindən işə qəbul edilir. Beləliklə, rektorun əmri ilə «Türkoloji araşdırmalar» Elmi Tədqiqat Laboratoriyası Türkologiya kafedrasının nəzdində 2012-ci il mayın 1-dən üç nəfər gənc magistr (Pərvin Eyvazov, Anar Fərəcov, Ramil Bayramov) və bir fəlsəfə doktoru ilə (Ülviyyə Hüseynova) fəaliyyətə başlayır. Bu tarix həm də laboratoriyanın müdiri, türk dünyasının görkəmli dilçi alimi, akademik Tofiq İsmayıl oğlu Hacıyevin doğum gününə təsadüf etmişdi. Digər bir maraqlı təsadüf isə odur ki, laboratoriyanın əməkdaşı Anar Fərəcov da mayın 01-də anadan olub. Beləliklə, 01 may tarixi laboratoriya əməkdaşlarının həyatında üç əlamətdar hadisə ilə əbədiləşir. 2017-ci ildən, yəni 5 yaşı ərəfəsində  «Türkoloji araşdırmalar» ETL-in əməkdaşların sayı 5 nəfər olur: aparıcı elmi işçi Ülviyyə Hüseynova, elmi işçi Suqra Rəhmanova, kiçik elmi işçilər Pərvin Eyvazov və Ramil Bayramov, böyük laborant  Anar Fərəcov.  
«Türkoloji araşdırmalar» ETL müasir qloballaşma şəraitində türkologiyanın dünya elminə inteqrasiyası, BDU-da türkologiyaya aid fənlərin yüksək səviyyədə tədrisi və mükəmməl elmi bazanın təşkili məqsədilə yaradılmışdır. Laboratoriyanın elmi tədqiqat işləri türkologiyanın aktual problemləri istiqamətində aparılır. 2012-2015-ci illərdə «Bəkir Çobanzadə və türkologiyanın aktual problemləri» mövzusunda tədqiqatlar aparmış laboratoriya əməkdaşları, hazırda 2015-2018-ci illər üçün nəzərdə tutulmuş «Müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri» mövzusu üzrə elmi plan işini yerinə yetirir.  
«Türkoloji araşdırmalar» Elmi Tədqiqat Laboratoriyasının fəaliyyətində türkologiyanın və altayşünaslığın müasir vəziyyəti və tarixi ilə bağlı mötəbər tədqiqatlardan ibarət elmi kitabxananın yaradılması; türkologiya və altayşünaslığa dair biblioqrafiyanın hazırlanması; türk və rus dillərindən ən qiymətli türkoloji mənbələrin Azərbaycan türkcəsinə tərcüməsi; türkologiya və altayşünaslığın aktual problemlərinə həsr olunmuş universitetdaxili, respublika və beynəlxalq səviyyəli elmi konfrans, qurultay, simpozium və seminarların təşkili nəzərdə tutulur.
Laboratoriya öz fəaliyyəti dövründə “Türkoloji araşdırmalar-1” adlı monoqrafik tədqiqatlar toplusu nəşr etdirib, bir beynəlxalq və üç respublika səviyyəli elmi konframs keçirib.  
«Türkoloji araşdırmalar» ETL Rusiya, Türkiyə, Ukrayna və  Bosniya-Hersoqovinanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir.  Laboratoriyanın əməkdaşları hər il respublikada və xarici ölkələrdə təşkil edilən beynəlxalq səviyyəli elmi tədbirlərdə universiteti uğurla təmsil edirlər.
«Türkoloji araşdırmalar» ETL-in əməkdaşları həm də fakültənin və universitetin ictimai həyatında aktiv iştirak edir. Belə ki, Ülviyyə Hüseynova Dissertasiya Şurası yanında Elmi seminarın elmi katibi, Pərvin Eyvazov Tələbə Elm Birliyinin sədri, Anar Fərəcov məzunlara diplomların verilməsi üzrə məsul şəxs, Ramil Bayramov isə imtahan sessiyalarında təşkil olunan qərargahın üzvüdür.
Laboratoriyanın gənc əməkdaşlarını ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində onlara uğurlar arzu edirik!

Bookmark and Share