2015 - Çin Yeni iliniz mübarək
03/03/2015Bakı Dövlət Universitetində“2015-Çin Yeni iliniz mübarək” adlı tədbir  keçirilib. BDU-nun nəzdindəki Konfutsi İnstitutu tərəfindən təşkil  olunan tədbirdə müvafiq qurumların nümayəndələri, azərbaycanlı və çinli  tələbə gənclər iştirak ediblər. Tədbirdə BDU-nun Elm və innovasiyalar  üzrə prorektoru, professor Aydın Kazımzadə tədbiri açaraq ölkəmiz ilə  Çin arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın  əhəmiyyətindən danışıb, Bakı Dövlət Universitetinin Çin Xalq  Respublikasının (ÇXR) Anhoy Universiteti ilə əlaqələri və BDU-nun  nəzdindəki Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verib.
Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli 
isə  bildirib ki, rəhbərlik etdiyi institut 2011-ci ildə yaradılıb.  Tələbələr, gənclər burada Cin dilini, ədəbiyyatını öyrənir, Çinin  tarixi, mədəniyyəti ilə tanış olurlar.
Universitetin nəzdindəki  Konfutsi İnstitutunun bu ali məktəbin “Gənc İstedadlar” liseyində,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasında, “ADA” Universitetində, Azərbaycan Dövlət İnformasiya  Agentliyində, Xəzər Universitetində və digər qurumlarda filialları  yaradılıb.
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimizin  dostluq münasibətlərindən bəhs edib. Diplomat BDU-nun nəzdindəki  Konfutsi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib.
Konfutsi İnstitutunun ÇXR tərəfindən direktoru Hu Fenxua Yeni il bayramı münasibətilə xoş arzularını bildirib.
Tədbirdə  Çinin milli adət-ənənələri, mərasimləri, bayramları barədə məlumat  verilib. Sonra Çin Yeni ili bayramına həsr edilən şənlik olub.
 
                
                    


