Home AZ | EN | RU

31 Mart Soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

31/03/2022

Martın 30-da Bakı Dövlət Universitetinin Filologiya və Tarix fakültələrinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 31 Mart soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov giriş sözü ilə çıxış edərək 31 Mart Soyqırımının səbəblərindən, həmin dövrdə ermənilərin törətdiyi vəhşilikdən bəhs edib.
Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Elşən Aslanov 31 Mart Soyqırımın pərdəarxası məqamlarından danışıb, 1918-ci ildə xalqımıza qarşı törədilən bu vəhşiliyin də qisasının Vətən müharibəsi zamanı ordumuz tərəfindən alındığını qeyd edib.
Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Tahir Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətdən, erməni terroruna beynəlxalq hüquqi qiymətin verilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb. Bildirib ki, hər il 31 Mart Soyqırımının anılması, gələcək nəslin də bu tarixi hadisələri unutmaması üçün əlimizdən gələni etməliyik.
Tarix fakültəsinin II kurs tələbəsi Təvəkgül 31 Mart Soyqırımının araşdırılmasını, 1918-ci il qurbanlarının xatirəsinin anılmasını qeyd edərək bu hadisələri unutmamalı olduğumuzu bildirib.
Tarix fakültəsinin I kurs tələbəsi Gülsüm Rəhimova 1918-ci il 31 mart hadisələrindən sonra xalqımızın ayağa qalxaraq müstəqil dövlət olmaq ideyası arxasında birləşdiklərini və Azərbaycan Xalq Cümhuriyyətinə doğru gedən yolu qeyd edib.
Daha sonra Filologiya fakültəsinin I kurs tələbəsi Ülviyyə Orucova soyqırım qurbanlarına həsr olunmuş şeir səsləndirib, bədii çıxış edib.
Sonda tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Bookmark and Share