600-dən yuxarı bal toplayan tələbələrə dəstək
05/10/2017Filologiya fakültəsində 600-dən yuxarı bal toplayan tələbələrə dəstək məqsədilə onlarla görüş keçirilib. Dekan dos. əv. Elçin Məmmədov tələbələri salamlayaraq universitetin, o cümlədən fakültənin tədris prosesi, elmi mühiti və son illərin nailiyyətləri haqqında məlumat verib, tələbələrin elmi fəaliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, fakültədə tələbələrin elmi fəaliyyətlə məşğul olması üçün münbit şərait var. Universitetin elmi-mədəni həyatında aktiv olan tələbələrə rektor, akademik A.Məhərrəmov daim diqqət və qayğı göstərir, öz istedadı, yaradıcı qabiliyyəti və təhsil göstəriciləri ilə fərqlənən gənclərin irəli getməsi üçün rəhbərlik heç vaxt öz dəstəyini əsirgəmir, onların uğur qazanmaları üçün bütün imkanlarını səfərbər edir.
Dekan müavini C.Muradov kafedraların fəaliyyəti və elmi istiqaməti haqqında tələbələrə ətraflı məlumat verib. “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov Tələbə Elmi Birliyi haqqında danışıb, I kurslar üzrə akademik məsləhətçi Natavan Əliyeva isə tələbələrin elmi-mədəni tədbirlərə qatılmasının əhəmiyyətindən söz açıb.
Sonda tələbələr öz istəkləri ilə müvafiq kafedralara təhkim olunub, onlara elmi rəhbərlər təyin edilib.
