20 Yanvar şəhidlərinin anim mərasimi
19/01/201517 Yanvar 2015-ci il tarixində Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım  mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər  abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad  ediblər.
 Universitetin  rektoru, akademik Abel Məhərrəmov Azərbaycan  xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20  Yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş  sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən  vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri  kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Rektor 20 yanvar  faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət  verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində  anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam  etdirdiyini bildirib.
Rektorun çıxışından məlum olub ki, Azərbaycan xalqının intellektual potensialının toplaşdığı Bakı Dövlət Universiteti də 20 Yanvarda şəhidlər veribdir: «Biz buna görə fəxr edirik. Hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış möhtəşəm abidə qarşısına toplaşırıq. Bu abidəni tələbələrimiz tez-tez ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər. Gələcək nəsillər bu qəhrəmanları unutmayacaqlar».
Daha sonra çıxış edənlər Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov və tələbələr adindan çixiş edən I kurs Hüquq fakültəsinin tələbəsi Gülnaz Qurbanova 20 yanvarla bağlı fikirlərini bölüşüblər.
 
                
                    


