“Azərbaycan günü” tədbirlərinə start verilib
02/03/2015“Azərbaycan günü” tədbirlərinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.
Açılış  mərasimində iştirak edən “Kampus Frans” Agentliyinin direktoru Antuan  Qrassən “Azərbaycan günü”nün əhəmiyyətini vurğulayıb. İkitərəfli təhsil  əlaqələrin inkişafında maraqlı olduqlarını bildirən agentlik rəhbəri bu  mühüm tədbirdə Azərbaycanın 10-a yaxın aparıcı universitet rəhbərlərinin  iştirak etdiyini və bunun iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının  bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycanın  Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın ölkəmizdəki səfiri  Paskal Mönye iki dövlət arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcud  olduğunu və əlaqələrin son illər nəzərəçarpacaq dərəcədə genişləndiyini  vurğulayıblar.
Strasburq  Universitetinin prezidenti Alen Beretz ikili proqramlar, tələbə-müəllim  mübadiləsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarından söz  açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil  işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini  diqqətə çatdırıb.
Təhsil  nazirinin müavini Firudin Qurbanov “Kampus Frans” Agentliyinin  rəhbərliyinə Azərbaycan və Fransa ali təhsil müəssisələri rəhbərlərinin  iştirakı ilə keçirilən belə bir tədbirin təşkilinə görə Azərbaycan  Respublikasının Təhsil Nazirliyi adından təşəkkürünü bildirib.
İki  ölkə arasında tarixi münasibətləri və son illər Azərbaycan-Fransa  əlaqələrinin genişləndiyini vurğulayan F.Qurbanov ümummilli lider Heydər  Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin  hazırda ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun  prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam  etdirildiyini nəzərə çatdırıb.
Nazir  müavini ölkəmizin sosial-iqtisadi inkişafı barədə geniş məlumat verib.  Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində  görülən işləri, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə  Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirləri, ali  təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının  yaradılmasını nəzərə çatdıran F.Qurbanov eyni zamanda azərbaycanlı  gənclərin dünyanın aparıcı universitetlərində, o cümlədən Fransanın ali  məktəblərində də uğurla təhsil aldıqlarını qeyd edib. 
Sonra Fransa universitetləri nümayəndələrinin iki ölkənin təhsil sahəsində əməkdaşlığına dair çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə  “Kampus Frans” Agentliyinin və Fransa ali təhsil müəssisələrinin rəhbər  şəxsləri Fransada təhsil imkanları, mövcud əməkdaşlıq layihələri barədə  təqdimatlar ediblər.
“Azərbaycan  günü” tədbirlərinə qatılan Fransa universitetlərinin azərbaycanlı  tələbələri təhsil aldıqları ali məktəblər haqqında məlumat veriblər.

 
                
                    


