Home AZ | EN | RU

“Oxu təlimi: diferensial yanaşmanı təmin edən effektiv tədris metodu” mövzusunda ustad dərsi

06/04/2022

BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının təşəbbüsü ilə “Oxu təlimi: diferensial yanaşmanı təmin edən effektiv tədris metodu” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və magistrantları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Əhəd Cavadov bildirib ki, kurikulum əsasında tərtib olunan orta məktəb dərsliklərində və müəllim üçün nəzərdə tutulan metodik vəsaitlərdə məzmun standartlarının ikincisi olan oxu təlimindən təlimə diferensial yanaşmanı təmin edən effektiv tədris metodu kimi istifadə olunur. Bu təlim mətnin ifadəli oxusu ilə məzmunu üzərində işi bir-biri ilə əlaqələndirən müxtəlif modelləri əhatə edir. Buraya səsli oxu, sürətli oxu, diqqətli oxu, sual verərək oxu, proqnozlaşdırılmış oxu, rollar üzrə oxu, tənqidi oxu və müzakirə edərək oxu daxildir.
Çıxışda qeyd olunub ki, oxu bacarığı hər bir şəxsin intellektual səviyyəsinin əsas göstəricilərindən sayılır. Eyni yaş qrupuna malik şəxslər arasında oxu bacarıqları müxtəlif ola bilər, məhz buna görə də müəllim oxu prosesinə diferensial şəkildə yanaşmalı, hər bir şagirdin nitq qabiliyyətini nəzərə almalıdır.
Məruzəçi onu da diqqətə çatdırıb ki, oxu məzmun standartı iki alt standartı özündə birləşdirir: mətndə tanış olmayan sözlərin mənasını müəyyənləşdirmək və mətnin məzmun və strukturunu mənimsəmək. Bu zaman şagirdin müstəqil fəaliyyəti və müəllimin fasilitatorluğu bir-biri ilə əlaqələndirilməli, hər bir şagirdin fərdi xüsusiyyətləri, dünyagörüşü, əqli və fiziki qabiliyyəti daim diqqət mərkəzində olmalıdır.
Həmçinin Ə.Cavadov onu da vurğulayıb ki, əldə olunan nəticələrdən Azərbaycan dilinin tədrisi metodikası və ifadəli oxu fənlərinin tədrisində istifadə edilə bilər. Gələcəkdə bundan tədris materiallarının, çalışma və test nümunələrinin hazırlanmasında istifadə olunması işin praktiki əhəmiyyəti kimi qiymətləndirilə bilər.
Sonra Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru Mətanət Abdullayeva, həmin kafedranın dosentləri Rəhilə Quliyeva, Rəna Mahmudova və Məhbubə Qurbanova mövzu ilə bağlı çıxışlar ediblər. Müzakirələrdə oxuda sürət məsələsinə riayət etməyin vacibliyi diqqətə çatdırılıb,  “Strategiyalı oxu nə deməkdir?” sualına cavab axtarılıb.
Sonda Əhəd Cavadov mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb.

Bookmark and Share