Home AZ | EN | RU

“XX əsrdə “Kitabi-Dədə Qorqud” eposunun repressiyaya uğraması” adlı elmi seminar

18/10/2023

BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “XX əsrdə “Kitabi-Dədə Qorqud” eposunun repressiyaya uğraması” adlı elmi seminar keçirilib. Elmi seminarı açıq elan edən laboratoriyanın müdiri Almara Nəbiyeva qeyd edib ki, on  iki  boydan  -  on  iki  oğuznamədən  ibarət  olan  “Kitabi-Dədə  Qorqud”  böyük  oğuznamə  mədəniyyətini özündə əks  etdirən  çoxqatlı  nadir ədəbi  tarixi  qaynaqdır. Dastanın  əlyazması  üzərində  yazılmış  “Kitabi-Dədə  Qorqud  əla  lisani-taifeyi-Oğuzan”  adı  oğuznamələrin  etnik  mədəni  mənsubiyyətini  dəqiq  ifadə  edir. “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposudur, həm də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə ehtiva edən eposdur. Azərbaycan xalqı dünya mədəniyyəti tarixinə “Kitabi-Dədə Qorqud” eposunu bəxş etməklə özünün yüksək mənəvi-əxlaqi dəyərlərə malik olduğunu sübuta yetirib. 1920-1940-cı illərdə tədqiqatçılardan Ə.Abid, H.Araslı, Ə.Dəmirçizadə, M.Rəfili “Kitabi-Dədə Qorqud” eposunu araşdırıb, abidələ ilə bağlı bir çox nüanslara aydınlıq gətiriblər. 1948-ci ildə   eposun  tədqiqatçılarından olan M.Rzaquluzadə “Ana ürəyi-dağ çiçəyi”, “El gücü”, “Dəli Ozan” adlı hekayələrini dastanın mövzu və ideyası ilə uyğunlaşdırıb.  
Mövzu ilə bağlı məruzə edən professor Adil Babayev bildirib ki, milli mənəviyyatımız olan “Kitabi-Dədə Qorqud” eposu təkcə öz yarandığı çağda deyil, eyni zamanda müasir dövrümüzdə də folklorumuzun ideya bünövrəsi olaraq qalır. “Kitabi-Dədə Qorqud” eposundakı milli birlik, vəhdət və bütövlük ideyaları repressiya dövründə də öz dəyərini qoruyub saxlayıb. Bütün siyasi təzyiqlərə baxmayaraq, dastan sovet totalitarizminin, stalinizmin bütün amansız zərbələrinə sinə gərərək öz milli ruhunu və dəyərini itirməyib. Həmin dövrün çox sayda görkəmli qələm sahibi rus çarizminin müstəmləkəçilik siyasətinə, sovet rejiminə etiraz əlaməti olaraq doğma vətənlərini tərk edərək xaricə gediblər.  
1950-ci ilin may ayında Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırov “Dədə Qorqud”un kobud siyasi səhv olduğunu partiya yığıncağında rəsmi olaraq elan edib. Bu rəsmi elanın ardınca dərhal qələmə sarılan tədqiqatçılar “Ədəbiyyat qəzeti”ndə “Dədə Qorqud”un xanlara və bəylərə qarşı “mübarizə aparan” xalq qəhrəmanlarına əsla yer vermədiyini, feodalları idealizə etdiyini və buna görə də “xalq düşməni bir əsər damğası” vurulub.  
Professor onu da vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinə, ədəbiyyatına daima yüksək dəyər verib. Məhz bu dəyərin bir simvolu da "Kitabi-Dədə Qorqud" dastanının dünya səviyyəsində 1300 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 1997-ci il tarixində verilən fərman idi. Bu fərmanın  təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ədəbi-tarixi, mədəni keçmişinin öyrənilməsində mühüm xidmətləri olub.
Seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

Bookmark and Share