Home AZ | EN | RU

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilib

25/04/2017

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda ölkəmizin bir sıra ali təhsil müəssisələri ilə yanaşı, Bakı Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, magistrant və doktorantlar iştirak edib. Plenar iclasda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli dilçi alimin universitetlə bağlı fəaliyyətindən bəhs edib, onun müəllim kimi yüksəkixtisaslı kadrların hazırlanmasındakı əvəzsiz xidmətlərindən danışıb. Rektor bildirib ki, 17 il Filologiya fakültəsinin dekanı, eləcə də 20 ilə yaxın kafedra müdiri olan A.Axundov özündən sonra məktəb yaratmış alimlərdəndir. O həm də həmkarlarının və tələbələrinin xatirəsində xeyirxah, humanist müəllim, ziyalı kimi qalıb. Alimin fəaliyyəti daim ulu öndər H.Əliyevin diqqət mərkəzində olub və ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib.
BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev çıxış edərək A.Axundovun dilçilik fəaliyyəti haqqında məlumat verib, onun tanınmış ziyalı kimi şəxsi keyfiyyətlərindən danışıb, maraqlı xatirələri yada salıb.
Konfrasın bölmə iclaslarında Filologiya fakültəsinin dekanı, dos. Elçin Məmmədov, prof. Səhər Orucova, dos. Abbas Abbasov, dos. Rəhilə Quliyeva, dos. Qızılgül Abdullayeva, dos. Əsmətxanım Məmmədova, fil.f.d. Səbinə Vəliyeva, Pərvin Eyvazov, Aytən Əhmədova  və başqaları müxtəlif mövzularda maraq məruzələr ediblər. Sonda iştirakçılara sertifikatlar və konfransın materiallar toplusu təqdim olunub.

Bookmark and Share