Home AZ | EN | RU

ADPU-da akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin təqdimatı keçirilib

17/03/2017

Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin yeni nəşrinin təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin rektoru, professor Cəfər Cəfərov, Filologiya fakültəsinin dekanı professor Buludxan Xəlilov, kitabı yenidən nəşrə hazırlayan, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Yeganə İsmayılova, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu, ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan professor Buludxan Xəlilov iştirakçıları salamlayaraq, onlara Feyzulla Qasımzadənin yaradıcılığı barədə məlumat verib. Feyzulla Qasımzadənin tələbəsi olmuş, ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, prof. Himalay Qasımov öz müəlliminin şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirərək qeyd edib ki, görkəmli ədəbiyyatşünas alim 30 elmlər doktoru,130 elmlər namizədi yetişdirib, 600-dək elmi məqalənin, onlarla dərsliyin müəllifi olub. Dərsliyin yenidən işıq üzü görməsində böyük əmək sərf etmiş professor Yeganə İsmayılova isə öz çıxışında bu dərsliyin hansı zərurətdən meydana çıxması haqda məlumat verib və hər zaman bu cür fundamental və unikal dərsliklərə böyük ehtiyac olduğunu vurğulayıb.
Daha sonra professor Təyyar Salamoğlubu dərsliklə bağlı təəssüratlarını bölüşüb BDU-nun dosenti Məti Osmanoğlu isə qeyd edib ki, Azərbaycan ədəbiyyatında XIX əsrin xüsusi çəkisi var və bu baxımdan, yenidən nəşr olunan kitab çox əhəmiyyətlidir. " Akademik Feyzulla Qasımzadə iki dəfə "Qırmızı əmək bayrağı" ordeni və müxtəlif medallarla təltif olunub",-deyə o, əlavə edib. Sonda söz akademik Feyzulla Qasımzadənin qızı, ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının dosenti Nigar Qasımzadəyə verilib. O, bu kitabın yenidən nəşr olunması ilə bağlı sevincini belə ifadə edib "Çox şadam ki, Mirzə Feyzullanın kitabı yenə də ali məktəblərdə tələbələrin ixtiyarına veriləcək. İnanıram ki, Mirzə Feyzullanın ruhu şaddır."
Sonda tələbələr və qonaqlar tədbirin keçirilməsinə görə öz minnətdarlıqlarını bildiriblər.

Kenan Novruzov adlı şəxsin şəkli.

Kenan Novruzov adlı şəxsin şəkli.

 

Bookmark and Share