Home AZ | EN | RU

Afaq Məmmədovanın “Əski Azərbaycan yazısı” adlı dərs vəsaiti nəşr olunub

17/04/2022

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Afaq Məmmədovanın “Əski Azərbaycan yazısı” adlı dərs vəsaiti işıq üzü görüb. Dos. İ.Vəliyevin elmi redaktor, dos. Q.Abdullayeva, F.Kərimli, Q.Quliyevanın rəyçi olduğu vəsait “Zəngəzurda” çap evində nəşr olunub. Kitabda ərəb qrafikalı əlifbanın yazı qaydaları, hərflərinin spesifik xüsusiyyətləri, onlara dair tapşırıqlarla yanaşı,  tarixən Azərbaycanda istifadə olunmuş əlifbalar haqqında məlumat da verilib. Buraya həmçinin KDQ-nın Drezden nüsxəsindən, Q.Bürhanəddininin, Y.Məddahın, İ.Nəsiminin, Ş.İ.Xətainin, A.Qurbaninin, M.Füzulinin, Q.Təbrizinin, M.P.Vaqifin və s. əsərlərinin əlyazmalarından, “Əkinçi”, “Molla Nəsrəddin” kimi dövrün aparıcı qəzet və jurnallarından orijinal nümunələr də daxil edilib.
Bu kitabda hər hərfdən sonra tapşırıqların verilməsi, çətin anlaşılan hissələrin xüsusi qeydlər başlığı altında toplanması, habelə sonda yazı nümunələrinin göstərilməsi tələbələrin, eyni zamanda Əski yazını öyrənməyə həvəs göstərən hər kəsin praktik cəhətdən daha yaxşı öyrənməsini təmin edir. 1993-cü ildə görkəmli professor Samət Əlizadə tərəfindən yazılmış “Əski Azərbaycan yazısı” adlı dərslikdən sonra bu sahə üzrə nəşr edilmiş sanballı kitablardan olacağına şübhə etmirik.
On üç əsrə yaxın zamanda Azərbaycanda yazı sisteminə hakim olmuş bu əlifba ilə yazılmış ədəbiyyatları nəzərə aldıqda deyə bilərik ki, bu kitab nəinki filologiya, jurnalistika, tarix, kitabxanaçılıq fakültələrinin tələbələrinin, magistrlarının, həmçinin  fərqli sahələr üzrə ixtisaslaşan araşdırmacıların da stolüstü vəsaitinə çevriləcək.

Kitabı aşağıdakı keçiddən yükləyə bilərsiniz:
https://www.academia.edu/76390823/ƏSKİ_AZƏRBAYCAN_YAZISI_OLD_AZERBAIJANI_WRITING


Məleykə Mirzəli
BDU-nun Türkologiya kafedrasının magistrantı


Bookmark and Share