Home AZ | EN | RU

“Akademik kommunikasiya” mövzusunda elmi seminar keçirilib

19/05/2022

BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının təşəbbüsü ilə “Akademik kommunikasiya” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyyəti və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Yeganə Qəhrəmanlı geniş məruzə ilə çıxış edib. Məruzəçi akademik kommunukasiya anlayışı, diskurs anlayışı,elmi diskurs, elmi üslub və onun altüslublar sistemi, akademik mətnlər və onun janrları, elmi mətnin strukturu, nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları, elmmetrik göstəricilər, elmi nitqin üslubi xüsusiyyətləri, elmi tədqiqatın empirik və nəzəri metodları haqqında məlumat verib.
Məruzədə akademik kommunikasiya anlayışından bəhs edilərkən elmi kommunikasiya (Science communication) və  elmdə kommunikasiya (Scientific communication) anlayışlarına münasibət bildirilməklə akademik kommunikasiyanın mahiyyəti, strukturu, xüsusiyyətləri, kateqoriyaları haqqında slaydlar təqdim olunub.  Qeyd olunub ki, akademik kommunikasiya mürəkkəb informasiya mübadiləsi sistemi, elmi ictimaiyyətdə peşəkar ünsiyyət növlərinin məcmusu, elmin inkişafının əsas mexanizmlərindən biri, tədqiqatçıların qarşılıqlı fəaliyyətinin həyata keçirilməsi və əldə edilmiş nəticələrin tədqiqi üsulu ilə əlaqəlidir.
Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yollarına toxunan məruzəçi məqalənin çap edilmə qaydaları, əhəmiyyətli, maraqlı və oxunaqlı yazılması  üsulları, əlyazmanın tərtibatı (hazırlanması), jurnal seçimi, jurnalın parametrlərinin qiymətləndirilməsi, kvartil və jurnalın “İmpact factoru” (IF) anlayışları, elmi məqalələrdə sitat gətirmə kimi faydalı məlumatlar seminar iştirakçılarının nəzərinə çatdırıb.
Seminarda iştirak edən tələbələrdən Zəhra Xuduzadə “Akademik kommunikasiyada klassik ritorika kateqoriyalarından istifadə”,   Ülviyyə Quliyeva “Akademik kommunikasiyanın bir növü olan  yazılı akademik kommunikasiya və onun növləri”,  Ziyatxan Bayramov “Elmi üslubun leksik və qrammatik xüsusiyyətləri, elmi nəzəriyyənin elementləri”  adlı mövzularla çıxış ediblər.  
Sonda iştirakçıların sualları cavablandırılıb, məruzədə səsləndirilən tezislərin əhəmiyyəti yüksək qiymətləndirilib.

 

Bookmark and Share