Home AZ | EN | RU

Alimlərimizi tanıdaq layihəsi çərçivəsində ustad dərsi keçirilib

24/10/2018

Oktyabrın 24-də Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının 2016-cı ildən həyata keçirtdiyi "Alimlərimizi tanıdaq" layihəsi çərçivəsində ustad dərsi keçirilib. Ustad dərsini Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu (İmanov) aparıb. Akademik Muxtar İmanov qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman, qəhrəman və yalançı qəhrəman problemlərindən,  folklorda obrazın ikiləşməsinin mifdən, xüsusən əkizlər mifindən gələn və müxtəlif janrlarda əksini tapan səciyyəvi modellərindən -  hökmdar və təlxək, ağıllı və axmaq, doğru və yalan, taraz və nataraz və s. məsələlərdən söz açıb. Bundan başqa, xalq gülüşünün arxaik semantikasını, onun mifoloji və magik mahiyyətini tələbələrin diqqətinə çatdırıb.   Tədqiqatçı yazılı ədəbiyyata aid edilən “öldürücü gülüş” meyarının komik folklor nümunələrinə tətbiqinin yanlış tendensiya olması, həyatverici gülüşün aparıcı yer tutduğu folklorda komik konfliktin kəskin qarşıdurmadan uzaq olması, bu amilin isə süjetin və obrazların strukturuna əsaslı şəkildə təsir göstərməsi ilə bağlı mühüm qənaətlər irəli sürüb.  Filologiya fakültəsinin I kurs 114 və 115-ci qruplarının tələbələri, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova, kafedranın müəllim və  magistrantları dərsdə iştirak edib. Sonda akademik Muxtar İmanov tələbələrin suallarını cavablandırıb.

 

Bookmark and Share