Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə şeir müsabiqəsi
03/12/2018Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə tələbələr arasında şeir müsabiqəsi keçirilib. Tədbirdə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, dekan müavini Cavanşir Muradov və professor-müəllim heyəti iştirak edib.
Alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva 30-dək tələbənin iştirak etdiyi müsabiqənin əhəmiyyətindən danışıb.
Daha sonra Filologiya, Biologiya, Şərqşünaslıq, Tarix, Mexanika-riyaziyyat, Ekologiya və torpaqşünaslıq, Tətbiqi riyaziyyat və kibernetika, Coğrafiya və Hüquq fakültəsinin xarici dil kimi alman-fransız dillərini seçmiş tələbələri bu dillərdə şeirlər səsləndiriblər.
Kafedra müdiri Elmira Fərəcullayeva, kafedranın müəllimləri - Məlahət Orucova, Ulduzə İsmayılovanın, eləcə də iştirakçı tələblələrin səsverməsi nəticəsində müsabiqənin I mərhələsində qalib seçilən 15 tələbə sertifikata layiq görülüb. Digər iştirakçılara Fransa səfirliyinin təqdim etdiyi kitablar təqdim olunub.
Qeyd edək ki, yarışın ikinci mərhələsi Azərbaycan Dillər Universitetində keçiriləcək.
