“Azərbaycan ədəbiyyatında musiqi alətləri” mövzusunda elmi seminar
13/12/2017BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatında musiqi alətləri” mövzusunda elmi seminar keçirilib. Professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən seminarı açan fakültə dekanı dosent Elçin Məmmədov Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi alətlərimizdən və onların tarixi köklərindən danışıb.
Seminarda kafedranın magistrantları kaman, qopuz, tar, ney, qaval, saz alətləri haqqında maraqlı məruzələr ediblər. Tədbir bədii kompozisiya ilə davam edib. I kurs tələbələri Əliyeva Aynur, Qasımova Sevinc, II kurs tələbəsi Fərid Kərimovun ifasında şaman rəqsi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Azay Yahyayevin ifasında səmazən rəqsi göstərilib, Kimya fakütəsinin IV kurs tələbəsi Rəqsanə Əsədova, Prezident təqaüdçüsü Cəlal Əliyev tərəfindən mahnılar səsləndirilib.
Sonda Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova çıxış edərək, kafedra tərəfindən təşkil edilən elmi seminarların əhəmiyyətindən, tələbə və magistrantların dünyagörüşünün formalaşmasındakı rolundan bəhs edib. Sonra o, “Vaqif” dramında yüksək səviyyədə çıxışı ilə fərqlənən tələbələri “Fəxri fərman”la mükafatlandırıb.
