“Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı elmi konfrans
11/11/2015Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı elmi konfrans keçirilib. Fakültə dekanı, dosent Məhərrəm Vəliyev Təhsil Nazirliyinin verdiyi əmrə əsasən keçirilən elmi konfransın əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin “Xalqımızın mənəviyyatını qorumağı və zənginləşdirməyi başlıca amilə çevirməliyik” sözlərini xatırladaraq prezident İlham Əliyevin dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi önəmi vurğulayıb.
Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova   öz çıxışında filologiya fakültəsi olaraq milli-mənəvi dəyərlərimizin   öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas   vəzifələrdən biri kimi irəli sürüb. Bu dəyərlərin qorunub saxlanmasında   Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi   nəticəsində muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, Azərbaycan   xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini   vurğulayıb.
 Daha sonra milli dəyərlərimizi özündə əks etdirən   video-çarx göstərilib və fakültə tələbələrini ifasında milli   musiqimizdən ifalar səsləndirilib. Konfransa məqalə verən iştirakçıların   çıxışları dinlənilib. Sonda konfrans iştirakçılarından bəziləri   mükafatlandırılıb.
 
                
                    


