Home AZ | EN | RU

“Azərbaycan və fransız dillərində informatika terminlərinin formalaşmasında iştirak edən metadillər” mövzusunda elmi seminar

16/05/2022

Mayın 16-da BDU-nun Filologiya fakültəsində Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə “Azərbaycan və fransız dillərində informatika terminlərinin formalaşmasında iştirak edən metadillər” mövzusunda elmi seminar keçirilib. Seminarda Alman və fransız dilləri kafedrasının əməkdaşları, Təbiət fakültələri üzrə ingilis dili kafedrasının müdiri professor Abbas Abbasov, fakültənin tələbə və magistrantları iştirak ediblər.  
Alman və fransız dilləri kafedrasının müəllimi Xədicə Abdullayeva “Azərbaycan və fransız dillərində informatika terminlərinin formalaşmasında iştirak edən metadillər” adlı məruzə ilə çıxış edib. Məruzədə informatika terminlərinin tədqiqinin aktuallığı və metadillər anlayışı barəsində məlumat verilib. Seminar iştirakçılarının nəzərinə çatdırılıb ki, metadillər kateqoriyasına aid olan dillərin araşdırılmasının əhəmiyyəti Azərbaycan və fransız dillərində informatika terminlərinin müqayisəli şəkildə öyrənilməsi prosesində müəyyənləşdirilib və müvafiq milli dillərin sahə terminlərinin linqvistik təhlilinin mühüm hissəsini təşkil edir. Çıxışda metadillər qismində mənbə dil, milli dillər, müqayisə olunan dillər, vasitəçi dil, donor dil, informatika terminologiyası ilə bağlı etimoloji baxımdan xüsusi əhəmiyyət kəsb edən dil, müasir elmi dillər üçün etimoloji əsaslar kimi çıxış edən dillər təqdim edilib və səciyyələndirilib. Məruzənin məzmununa uyğun slaydlar nümayiş etdirilib.
Sonra seminar iştirakçılarından professor Abbas Abbasov, dosent Azelma Həsənova, dosent Elmira Fərəcullayeva mövzu ətrafında çıxış edib, məruzəçiyə suallar ünvanlayıblar.

Bookmark and Share