Home AZ | EN | RU

BDU doktorantı III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumunda çıxış edib

01/06/2016

BDU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının əyani doktorantı Ayşən Sadıqlı III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumunda Bakı Dövlət Universitetini təmsil edib, uğurlu çıxışına görə Sertifikatla təltif edilib. 2016-cı il 25-27 may tarixlərində keçirilmiş III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumuBakı Avrasiya Universitetinin ev sahibliyi ilə Türkiyənin Niğde Universiteti, Qazaxıstanın Qazax Dövlət Qızlar Pedaqoji Universiteti, Rusiyanın (Ufa) M.Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti, Qırğızıstanın Mahmud Kaşğari-Barskani adına Şərq Universiteti və Bakı Dövlət Universitetinin tabeliyində olan Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Simpoziumun açılış mərasimi mayın 25-də Hilton Oteldə baş tutub. Bakı Avrasiya Universitetinin rektoru, prof. Nazim Hüseynli,  Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, Niğde Universitetinin rektoru, prof.dr Adnan Görür və digərləri çıxış edərək simpoziumun əhəmiyyətindən bəhs ediblər.

III Beynəlxalq simpoziuma 13 ölkədən 500-dən çox elmi məqalə göndərilib, təşkilat komitəsi tərəfindən 412 məqalə bəyənilərək çapa tövsiyə edilib. Simpoziumun materialları 4 cilddə çap olunaraq iştirakçılara təqdim edilib.  Üç gün davam edən simpoziumdatürk dünyasının tədqiqatçı-alimləri dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, gender problemləri və s. Kimi mövzular üzrə elmi araşdırmalarını təqdim ediblər. Açılış mərasimində müxtəlif türk dövlətlərini təmsil edən universitet tələbələrinin öz mədəniyyətlərini nümayiş etdirən “Kökümüz Bir Türkük” festivalı təşkil olunub. Xatırladaq ki, Beynəlxalq Türk Dünyası Araşdırmaları simpoziumu ilk dəfə 2014-cü ildəTürkiyədə, 2-ci simpozium Qazaxıstanda, 3-cu simpozium isə Bakıda keçirilib. Mayın 27-də Bakı Avrasiya Universitetində universitetlərarası memorandum imzalanıb və 2017-ci ildə IV Beynəlxalq Simpoziumun Qırğızıstanın Mahmud Kaşğari-Barskani adına Şərq Universitetində təşkil ediləcəyi vurğulanıb.

Qeyd edək ki, A.Sadıqlı “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” (2011) və “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (2013) adlı kitabların, 1 qrantın, 14 elmi məqalənin, 9 tezisin müəllifi, 5 kitabın redaktorudur, bakalavr, magistratura və doktorantura pillələrində olmaqla, ümumilikdə15 respublika və beynəlxalq səviyyəli elmi konfranslarda çıxış edib. O, 11 diplom, 9 sertifikat, 1 medal, 2 Fəxri fərman və təşəkkürə layiq görülüb, müxtəlif məqalə müsabiqələrində I, II və III yerlərin qalibi olub.

 

Bookmark and Share