Home AZ | EN | RU

BDU-da “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda Respublika virtual elmi konfransı keçirilib

22/05/2020

2020-ci il mayın 22-də Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Universitetin rektoru Elçin Babayev qonaqları salamlayaraq, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlardan, Azərbaycan ədəbiyyatı və ana dilinin inkişafı yolunda misilsiz xidmətlərindən, ölkədə dil quruculuğunun qanunvericilik aktlarından danışıb. Rektor qeyd edib ki, Heydər Əliyevin göstərişi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi, əsərlərinin akademik nəşrlərinin hazırlanması, başqa dillərə tərcümə olunub yayılması Ulu Öndərin ədəbiyyat xadimlərinə olan doğma münasibətinin və onlara  göstərilən dövlət qayğısının əyani sübutdur.
Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov “Heydər Əliyevin dil siyasəti”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Hüseyn Əsgərov “Dövlətçilik və dil”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər”, Azərbaycan dilçiliyi  kafedrasının müdiri, professor Sənubər Abdullayeva “Heydər Əliyev və Azərbaycanda dil məsələləri”, Alman-fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva “Azərbaycan-Fransa ədəbi əlaqələrinin inkişafında Heydər Əliyevin rolu”, Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov “Heydər Əliyev və Azərbaycanda rusistika” mövzularında ətraflı çıxış ediblər.
Məruzələrdə xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin cəmiyyətdəki nüfuzunun artırılması yönündə apardığı məqsədyönlü siyasətdən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, dünya diplomatiyasına yol tapması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilinin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olub. Həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün varlığı ilə Vətənə bağlı böyük dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyi vurğulanıb.
Konfransın moderatoru, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov statistik məlumatları təqdim edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.
Plenar iclasdan sonra konfrans öz işini iki bölmə iclasında davam etdirib. “Ədəbiyyatşünaslıq” bölməsində prof. Ülkər Nəbiyeva, dosentlər - Həqiqət Abdıyeva, Kəmalə İslamzadə və Məhəmməd Məmmədov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı, dissertant Gülnar Axundova, AMEA-nın dissertantı Sahab Əliyeva, tələbələrdən İlknur Pənahlı, Səbinə Xəlilova, Sumqayıt Dövlət Universitetinin magistrantı Aynur İbrahimova, Xəzər Universitetinin magistrantları Aytac Məmmədbəyli, Rəşidə Rəşidli və başqaları müxtəlif mövzularda çıxışlar ediblər.
“Dilçilik” bölməsində dosentlər - Fikrət Şiriyev, Afaq Məmmədova və Rəhilə Quliyeva, kiçik elmi işçilər - Ramil Bayramov və Pərvin Eyvazov, BDU-nun Ümumi dilçilik kafedrasının dissertantı Gülənbər Abbasova, Gəncə Dövlət Universitetinin əməkdaşı Gülər Sadıqova, tələbələrdən Ülviyyə İbrahimli, Məleykə Mirzəli və başqalarının çıxışları maraqla qarşılanıb.
Bölmə iclaslarının sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Bookmark and Share