Home AZ | EN | RU

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

24/10/2019

Bakı Dövlət Universitetində (BDU) xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümünə həsr olunmuş “Türk dünyasının mədəniyyət səfirləri: Nəsimi beynəlxalq simpoziumu” keçirilib.
BDU və Türkiyənin Sivas Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumu universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq böyük mütəfəkkir İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəniyyətində və ədəbiyyatındakı əhəmiyyətli rolundan bəhs edib. Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamından sonra keçirilən çoxsaylı tədbirlərdən danışan A.Kazımzadə bugünkü simpoziumu həm də ortaq dəyərlərə olan münasibət kimi qiymətləndirərək onun işinə uğurlar arzulayıb.
BDU-nun rektoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs edib, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. 2017-ci ildə UNESCO-nun Parisdəki baş qərargahında böyük söz ustadının vəfatının 600 illiyinin qeyd edildiyini bildirən rektor ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirildiyinə də diqqət çəkib.
Əsərlərində mədəni müxtəlifliyi, humanist ideyaları əks etdirən Nəsiminin bütün türk dünyasının fəxri olduğunu vurğulayan E.Babayev böyük ortaq dəyərlər əsas götürülərək BDU və Sivas Universitetinin təşkilatçılığı ilə baş tutan simpoziumun onun zəngin irsinin daha yaxşı öyrənilməsinə imkan yaradacağına, elmi, ədəbi və mədəni əlaqələrimizin inkişafına xüsusi töhfə verəcəyinə əmin olduğunu ifadə edib.
E.Babayevin sözlərinə görə, Nəsimi yaradıcılığına lirik şeirlərlə başlasa da, sonradan ictimai-siyasi mövzularda kifayət qədər çox əsərlər yaradıb və o, sözün əsl mənasında fəlsəfi qəzəlin banisi kimi tarixə düşüb. Nəsimi yaradıcılığının Azərbaycan dilinin tarixini, inkişafını öyrənmək baxımından da əhəmiyyət kəsb etdiyini qeyd edən rektor, dahi şairin ən böyük işlərindən biri kimi ana dilində yazıb-yaratmaq və özündən sonra bir məktəb yaratmasını xüsusilə qeyd edib.
Rektor Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsündən danışaraq onun ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını və Bakı Dövlət Universitetinin bu aksiyada fəal iştirak edəcəyini qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən yubileylə əlaqədar çox gözəl təşəbbüslər irəli sürüldüyünü vurğulayan rektor ölkə üzrə bu cür tədbirlərin davam etməkdə olduğunu diqqətə çatdırıb.
Sonra Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərdən danışıb və 14-cu yüzillikdə türk dünyasının böyük şairlərindən olan Nəsimi ilə bağlı keçirilən simpoziumun gələcək əməkdaşlığa xüsusi töhfə verəcəyini qeyd edib.
Filologiya fakültəsinin dekanı Elçin Məmmədov isə Azərbaycan klassiklərinin zəngin irsinin öyrənilməsinə dövlət dəstəyindən danışaraq simpoziumun verəcəyi faydalardan danışıb.
Türkiyən səfirliyinin təhsil müşaviri Nihad Büyükbaş, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin (TİKA) koordinatoru Teoman Tiryaki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat bütövlükdə türk dünyasının dahi şairi, mütəfəkkiri, filosofu Nəsimi ilə bağlı keçirilən simpoziumu yüksək qiymətləndirib, bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd ediblər.
Professor Bilal Kemikli “Sirri faş etmək: təsəvvüf şeiri və Nəsimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, əslində, Nəsimi sirri faş etmirdi, o şeirlərində həqiqəti deyirdi.
Simpozium işini bölmə iclasları ilə davam etdirib. Ümumilikdə 8 (səkkiz) bölmədə 31 məruzə dinlənilib.

Bookmark and Share