Home AZ | EN | RU

BDU-da professor Dilarə Seyidzadə ilə görüş keçirilib

21/11/2023

Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində “Heydər Əliyev: yaxından və uzaqdan” adlı görüş keçirilib. Tədbirin qonağı uzun müddət Prezident Admnistrasiyasında mühüm vəzifələrdə çalışmış, “Şöhrət” və “Şərəf” ordenli, tanınmış tarixçi alim, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə olub. Filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun professor-müəllim və tələbə heyəti iştirak edib.
Görüşün moderatoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu dahi öndərin 100 illik yubileyi çərçivəsində Universitetdə həyata keçirilən tədbirlərdən danışıb və həmin silsilə tədbirlərin davamı kimi təşkil olunan bu vacib görüşün Ümummilli Liderin zəngin irsinin daha da dərindən öyrənilməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Təcrübəli dövlət xadimi kimi Dilarə Seyidzadənin həyat və fəaliyyətindən bəhs edən M.Osmanoğlu onun həm ictimai, həm zəngin elmi fəaliyyətinin Heydər Əliyev irsinin təbliği və tədqiqinə mühüm töhfələr verdiyini, həmçinin Dilarə xanımın da xidmətlərinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra BDU-nun rektoru Elçin Babayev qonağı salamlayaraq, Universitetin dəvətini qəbul etdiyi üçün ona təşəkkürünü bildirib. Rektor qeyd edib ki, uzun müddət mühüm dövlət vəzifələrində uğurlu fəaliyyəti ilə həmişə Ulu Öndərə yaxın olan Dilarə Seyidzadə böyük şəxsiyyətə daima sədaqət nümayiş etdirib, onun yanında böyük idarəçilik və zəngin həyat təcrübəsinə yiyələnib. Bu müqəddəs vəzifəni həm də öz alim qələm ilə yerinə yetirən Dilarə xanımın Heydər Əliyevin tarixi xidmətlərinə həsr olunmuş çoxcildlik əsərləri müasir Azərbaycan tarixşünaslığının ən qiymətli mənbələridir.
Sonra söz qonağa verilib. Heydər Əliyevlə bağlı xatirələrini bölüşən professor Dilarə Seyidzadə Ulu Öndərin həmişə öz vətəninə, millətinə bağlı olmasından, çətin məqamlarda xalqına arxalanmasından, mühüm dövlət səfələri zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında qətiyyətli mövqeyindən, milli dəyərlərimizin dünyada tanıdılmasındakı xidmətlərindən söz açıb. Qonaq qeyd edib ki, öz əməlləri ilə nəinki onun ətrafında olan insanlara, ümumən, insanlığa nümunə olan Heydər Əliyevin şəxsiyyətinə həmişə dünyanın tanınmış dövlət başçıları və liderləri böyük hörmət bəsləyib, onun peşəkar siyasi fəaliyyətinə heyranlıq duyduqlarını bildiriblər. Ümummilli Liderin həyatı daim mübarizələrdə keçib, o bu mübarizələrin hamısında qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün bir həyat məktəbidir və onun irsi gələcək nəsillərə aşılanmalıdır.
İnteraktiv şəkildə keçən görüşdə Dilarə Seyidzadə müəllim və tələbələrin suallarını cavablandırıb.
Görüşdən sonra professor Dilarə Seyidzadə Ulu Öndərin şəxsi təşəbbüsü ilə 1997-ci ildə fəaliyyətə başlayan Heydər Əliyev Muzeyini ziyarət edib.

Bookmark and Share