Home AZ | EN | RU

BDU-nun 97 yaşı tamam olur

01/09/2016

Bakı Dövlət Universitetinin yaranmasından 97 il ötür. Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub. Beləliklə Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. İlk tədris ilini tarix-filologiya, tibb fakültələri və 44 müəllimlə başlayan Bakı Dövlət Universiteti 97 illik fəaliyyəti dövründə Azərbaycan elm, təhsil və mədəniyyət tarixində böyük rol oynayıb, BDU-nun məzunları respublikada ali təhsil şəbəkəsinin qurulmasında, elmi məktəblərin genişlənməsində, ziyalı təbəqəsinin formalaşmasında və müstəqil Azərbaycanın çiçəklənməsində xüsusi xidmətlər göstəriblər.

Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.

Bakı Dövlət Universitetinin filologiya fakültəsi 1919-cu ildə Bakı Dövlət Darülfünunu təsis edilərkən tarix-filologiya fakültəsinin dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur.

Fakültənin ilk iclası 1919-cu il sentyabrın 9-da keçirilmiş, dərslər isə noyabrın 16-da başlanmışdır. Universitetin fəaliyyət göstərdiyi ilk illərdə dil-ədəbiyyat şöbəsində rus dili və ədəbiyyatı ixtisası, Şərq şöbəsi daxilində isə indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası tədris edilmişdir. Bu sonuncu ixtisas üzrə tələbələr, ilk növbədə, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə mütəxəssis kimi hazırlansalar da, ərəb, fars, türk dillərini və bu dillərdə danışan xalqların  ədəbiyyatını və tarixini də dərindən öyrənmişlər.

Bakı Dövlət Universiteti təşkil olunarkən tarix-filologiya fakültəsinin ilk dekanı Ümumi tarix kafedrasının professoru Nikolay Aleksandroviç Dubrovski olmuşdur. O, bu vəzifədə 10 ay işləmiş, sonra həmin vəzifəni prof. Leonid Aleksandroviç İşkov tutmuşdur.

1920-ci illərin əvvəllərində filologiyanın tədrisi ilə bilavasitə 10 kafedra məşğul olmuşdur: Ümumi (müqayisəli) dilçilik; Rus ədəbiyyatı; Rus dili; Qərbi Avropa ədəbiyyatı tarixi; Klassik filologiya; Slavyan filologiyası; Gürcü filologiyası; Türkologiya; Türk ədəbiyyatları tarixi; İncəsənət tarixi.

Bu kafedralardan bəziləri sonralar bağlanır. Gürcü filologiyası kafedrası 1922-ci ildə, Slavyan filologiyası kafedrası isə 1924-cü ildə ləğv edilir.

1934/35-ci tədris ilində 1929-cu ildə bağlanmış Azərbaycan Dövlət Universiteti yenidən fəaliyyətə başlasa da, filologiya fakültəsi yalnız 1939-cu ilin avqustunda açılır. Fakültədə mütəxəssis hazırlığı iki ixtisas üzrə -  “Azərbaycan dili və ədəbiyyatı”, “Rus dili və ədəbiyyatı” ixtisasları üzrə aparılır. Yeni açılmış fakültəyə rus ədəbiyyatı kafedrasının professoru Aleksandr Vasiyeviç Baqri rəhbərlik edir.

1942/44-cü illərdə fakültənin dekanı vəzifəsində məşhur dilmi alim prof. Məmmədağa Şirəli oğlu Şirəliyev çalışır.

1945/46-cı illərdə filologiya fakültəsində jurnalistika şöbəsi, 1946/47-ci tədris ilində incəsənət şöbəsi, 1947/48-ci tədris ilində kitabxanaçılıq, habelə məntiq, psixologiya və Azərbaycan dili şöbələri açılır, fakültədəki kafedraların sayı xeyli artır.

  1. Jurnalistika və kitabxanaçılıq şöbələri sonralar filologiyadan ayrılıb müstəqil fakültələrə çevrilir. 1951/52-ci tədris ilində       İncəsənət kafedrası ləğv edilir. Fakültənin nəzdində Məntiq və psixologiya kafedrası isə 1947-ci ildən 1956-ci ilə junu fəaliyyət göstərir.

1945-ci ildən fakültəyə aşağıdakı alimlər rəhbərlik etmişlər: dos. Həbibullah Səmədzadə (1945-1947), dos. Cəfər Xəndan Hacıyev (1947-1949), dos. Məmməd Cəfər Cəfərov (1949-1951), prof. Əli Sultanlı (1951-1953), dos. Muxtar Hüseynzadə (1953-1957), prof. Əli Sultanlı (1957-1959), dos. Seyfulla Əliyev (1959-1962), prof. Əlövsət Abdullayev (1962-1967), prof. Ağamusa Axundov (1967-1974), prof. Əkbər Ağayev (1974-1976), prof. Firudin Hüseynov (1976-1980), prof. Ağamusa Axundov (1980-1990), prof. Aqil Hacıyev (1990-1992), prof. Nizami Cəfərov (1994-2001), prof. Qara Namazov (2002-2006). prof. Elbrus Əzizov (2006-2011), dos. Məhərrəm Vəliyev(2011-2016)
2016-cı il iyun ayının 3-dən fakültənin dekanı Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Elçin Hüseyn oğlu Məmmədovdur.
Hazırda filologiya fakültəsində bakalavr və magistr pillələri fəaliyyət göstərir.
Bakalavr pilləsində səkkiz ixtisas üzrə mütəxəssis hazırlanır:

  • Azərbaycan dili və ədəbiyyatı
  • Rus dili və ədəbiyyatı
  • Alman dili və ədəbiyyatı (2007-2008-ci tədris ilindən)
  • Fransız dili və ədəbiyyatı (2008-2009-cu tədris ilindən)
  • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (2009-2010-cu tədris ilindən)
  • Dil və ədəbiyyatı müəllimliyi (Rus dili və ədəbiyyatı müəllimi) (2009-2010-cu tədris ilindən)
  • Xarici dil müəllimliyi (Fransız dili müəllimliyi) (2009-2010-cu tədris ilindən)
  • Xarici dil müəllimliyi (Alman dili müəllimliyi) (2009-2010-cu tədris ilindən)

Magistratura pilləsi Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, dil nəzəriyyəsi, türkologiya və xarici ədəbiyyat ixtisaslarını əhatə edir.
Fakültədə bakalavr və magistr pillələri üzrə qiyabi şöbə də fəaliyyət göstərir.

Bookmark and Share