Home AZ | EN | RU

BDU-nun dilçi alimləri XI Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda

23/10/2019

Türkiyənin Samsun şəhərində Samsun Valiliyi, On Doqquz May Universiteti, Türk Dil Qurumu və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “19 May 1919-cu il Milli Qurtuluş Savaşı”nın 100 illiyinə həsr olunmuş XI Beynəlxalq Dünya Dili Türkcə simpoziumu keçirilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən elm adamlarının qatıldığı simpoziumun 65 bölmə iclasında türkologiyanın aktual problemlərinə həsr olunmuş 300 məruzə dinlənilib.
Simpoziumda Bakı Dövlət Universitetini Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı, fil.f.d. Aygün Məhərrəmova və “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov təmsil edib.
Bölmə iclaslarında Zemfira Şahbazovanın “Azərbaycan və Türkiyə türkcələrində xitabların linqvistik xüsusiyyətləri”, Qızılgül Abdullayevanın “Azərbaycan dilində tarixi aqlütinasiya və analitizm”, Aygün Məhərrəmovanın “Ortaq türk abidəsi “Koroğlu” dastanının dilində təkrarların üslubi xüsusiyyətləri”, Pərvin Eyvazovun “Prof. Bəkir Çobanzadənin dilçilik araşdırmalarında Azərbaycan dilinin mənşəyi, qədim izləri və təşəkkülü məsələləri” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzələr yekunlaşdıqdan sonra təşkilat komitəsi adından Azərbaycan nümayəndə heyətinə sertifikatlar təqdim olunub.
Həmçinin professor Zemfira Şahbazova simpoziumda bölmə rəhbəri kimi fəaliyyət göstərib. Bağlanış mərasimində azərbaycanlı alimlər adından çıxış edən dosent Qızılgül Abdullayeva yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürünü bildirib. Simpozium başa çatdıqdan sonra qonaqların Samsun şəhəri ilə tanışlığı baş tutub.

Bookmark and Share