Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

17/11/2020

BDU-nun Filologiya fakültəsinin təşkilatçılığı ilə 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Microsoft Teams Platforması vasitəsi ilə baş tutan tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov iştirakçıları 17 noyabr Milli Dirçəliş Günü və torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edib, Milli Dirçəliş Gününün tarixi haqqında ətraflı məlumat verib. O, bu əlamətdar günlə müstəqil Azərbaycan uğrunda milli mübarizənin təməlinin qoyulmasından, bu hərəkatda əsas qüvvənin gənclər olmasından, həmin dövrün ictimai-siyasi mənzərəsindən və hərəkatın doğurduğu nəticələrdən söz açıb. Bildirib ki, xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlıq yaranıb, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub və hazırda bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı  azadlığımız və ərazi bütövlüyümüz uğrunda Azərbaycan xalqının apardığı tarixi mücadilələrdən və məruz qaldığımız faciələrdən danışıb. Bildirib ki, hələ XX əsrin əvvəllərindən başlayan milli oyanış və görkəmli ziyalılarımızın bu uğurda apardıqları fədakar mübarizə əzmini qıra bilməyən sovet rejiminin ictimai-siyasi və mənfur mahiyyəti əsrin sonlarında bütün çılpaqlığı ilə üzə çıxdı. Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın öz doğma yurdlarından  didərgin salınması, ermənilərin Qarabağda etnik zəmində törətdikləri terror hadisələri meydan hərəkatının təkanverici faktoruna çevrildi. Dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz naminə xalqımızın nümayiş etdirdiyi tarixi birlik bugünkü kimi dünyanı heyrətləndirdi. Həmin hadisələrin canlı şahidi olmuş E.Talıblı o dövrlə bağlı xatirələrini də iştirakçılarla bölüşüb, milli məsələlərdə gəncləri yumruq kimi bir olmağa çağırıb.  
Gənclər adından çıxış edən fakültənin II kurs tələbəsi Ələkbər Həsənov aparılan gərgin mübarizələr nəticəsində xalqımızın əldə etdiyi uğurlardan, ölkəmizin müstəqilliyi və çiçəklənməsi uğrunda Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.   
Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda musiqi və şeirlər təqdim olunub.   
Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, iştirakçıları Milli Dirçəliş Günü və  noybarın 10-da əldə olunan  parlaq qələbə münasibətilə təbrik edib, aktiv tələbələrə təşəkkürünü bildirib.

Bookmark and Share