Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd olunub

18/10/2021

BDU-nun Filologiya fakültəsində 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpasının 30 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı onlayn tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Cavanşir Muradov giriş sözü ilə çıxış edərək, milli azadlığımız və ərazi bütövlüyümüz uğrunda xalqımızın apardığı çoxəsrlik tarixi mübarizədən, XX əsrdə iki dəfə əldə olunan müstəqillik dövründə Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən, xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan müasir Azərbaycanın son 30 ildə qazandığı misilsiz uğurlardan, 44 günlük Vətən Müharibəsindəki parlaq qələbədən, işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işlərindən söz açıb, prezident İlham Əliyevin imzaladığı 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nun əhəmiyyətindən bəhs edib.
Filologiya fakültəsinin II kurs tələbəsi Rəhiməxanım Əlipənahovanın moderatorluğu ilə keçirilən tədbirdə fakültənin tələbələri - Məryəm Atakişiyeva “Müstəqil Azərbaycan” və Adilə Niftalıyeva “Biz qayıtdıq, Xarıbülbül!” adlı məruzələrlə çıxış edib, Cahan Salmanovanın ifasında Tofiq Bayramın “Azərbaycan deyəndə” və Lumu İspəndiyarzadənin ifasında Nəriman Həsənzadənin “Azərbaycan” şeirləri səsləndirilib, müstəqillik tariximizdən bəhs olunan videoçarx nümayiş etdirilib.
Sonda Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxış edərək, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindən, ölkəmizin dünya dövlətləri arasındakı yüksək nüfuzundan, otuz il ərzində torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində həyata keçirilən uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən Müharibəsində apardığımız haqq savaşının böyük siyasi və tarixi əhəmiyyətindən danışıb, tədbirin təşkil olunmasında yaxından iştirak edən bütün tələbələrə təşəkkürünü bildirib.

Bookmark and Share