Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində 31 mart soyqırımına həsr olunmuş onlayn tədbir keçirilib

31/03/2021

Martın 31-də BDU-nun Filologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 31 mart soyqırımına həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən, mart soyqırımının tarixindən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın gördüyü mühüm işlərdən söz açıb, Vətən müharibəsi dövründə universitet tələbələrinin sosial aktivliyindən və məzunlarının ön cəbhədəki qəhrəmanlıqlarından danışıb.
Sonra birinci kurs tələbələri Rəhiməxanım Əlipənahova, Nigar Xanəliyeva, Günel Əliyeva və fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sezər Məmmədli erməni vandalizminin tarixi, mart soyqırımı ərəfəsində Azərbaycanın ictimai-siyasi vəziyyəti, bu qanlı cinayət aktını doğuran səbəblər haqqında ətraflı məlumat veriblər. 
Sonda BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək, Azərbaycan xalqının tarixində mühüm iz buraxmış hadisələrin, millətimizin başına gətirilmiş bəlaların, tarixi faciə və uğurların gənc nəslə təbliğindən, onların vətənpərvər ruhda yetişdirilməsindən bəhs edib, keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirilib.
Tədbirdə tələbələrin 31 mart soyqırımı haqqında hazırladıqları slaydlar təqdim olunub.

Bookmark and Share