Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Aprel Zəfərinin ildönümünə həsr olunmuş tədbir keçirilib

04/04/2022

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatı və “Qiraət” klubunun birgə təşəbbüsü ilə Aprel Zəfərinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və Vətən müharibəsi qaziləri iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Aprel döyüşlərindən bəhs edən videoçarx nümayiş olunub.  
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov son bir əsrdə erməni millətçilərinin azərbaycanlılara qarşı apardıqları təcavüzkarlıq siyasətindən, Ümummilli lider Heydər Əliyevin və Ali Baş Komandan cənab İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad olunması uğrunda həyata keçirdikləri mühüm tarixi addımlardan, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəyə gedən yolda Aprel Zəfərinin xüsusi əhəmiyyət daşımasıdan, həm Aprel, həm də II Qarabağ döyüşlərində xalqımızın yüksək vətənpərvərlik ruhu ilə ordumuzu dəstəkləməsindən, gənclərin göstərdikləri qəhrəmanlıqlardan bəhs edib.
Sonra Vətən müharibəsi qazilərinin - İbrahim Həsənov və Elməddin Novruzovun, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadənin, Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri – Aydan Rüstəmzadə və İbrahim Hüseynzadənin çıxışları dinlənilib. Çıxışlarda son otuz ildə xalqımızın qırılmaz iradəsi, ordumuzun sarsılmaz gücü və ölkə başçısının liderliyi sayəsində ərazi bütövlüyümüzün bərpası, Azərbaycan həqiqətlərinin, xüsusilə erməni terrorunun dünya ictimaiyyətinə çatdırılması, bölgədə sülhün və əmin-amanlığı bərpa olunması istiqamətində görülən işlərdən, Aprel və II Qarabağ döyüşlərində ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından, ağır və gərgin keçən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqlardan söz açılıb, qazilərimiz Vətən müharibəsi ilə bağlı təəssüratlarını bölüşüblər.  
Tələbə Gənclər Təşkilatının sədr müavini Nəzrin Ağayevanın aparıcılığı ilə keçirilən tədbirdə “Qiraət” klubunun hazırladığı bədii kompozisiya nümayiş olunub, Fidan Mədətova vətənpərvərlik mövzusunda şeir səsləndirib, gitarada Fərid Məmmədovun müşayiəti ilə Mədinə Hüseynzadə “Cənab leytenant” mahnısını ifa edib.

Bookmark and Share