Home AZ | EN | RU

Filologiya fakültəsində “Azərbaycan dili: qarşıda duran vəzifələr və perspektivlər” mövzusunda elmi seminar keçirilib

29/11/2018

BDU-nun Filologiya fakültəsində “Azərbaycan dili: qarşıda duran vəzifələr və perspektivlər” mövzusunda elmi seminar keçirilib. Tədbiri açıq elan edən fakültə dekanı, dosent Elçin Məmmədov ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə uğurla həyata keçirdiyi dil siyasətindən, xüsusən dövlət başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı 01 noyabr 2018-ci il tarixli fərmanın məzmun və mahiyyətindən danışıb. Bildirib ki, ana dilinə dövlət qayğısının artırılmasını nəzərdə tutan, dilçiliklə bağlı həm elmi, həm də tətbiqi araşdırmaların inkişaf etdirilməsi üçün əlverişli şərait yaradan bu fərmanda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin təsis edilməsi və yeni yaradılacaq qurumun Azərbaycan dilinin tətbiqinə nəzarəti, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarına riayət olunmasını təmin edəcəyi nəzərdə tutulur.  
Daha sonra Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü, BDU-nun Türkologiya kafedrasının professoru Elbrus Əzizov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı və başqaları çıxış edərək, fərmanın əsas məzmunundan - ədəbi dil normalarının qorunmasının vacibliyindən, xüsusilə KİV-in ədəbi dilin inkişafında və cilalanmasında əvəzsiz rol oynamasından söz açıblar.
Elmi seminar dövlət dilinin qorunması ilə bağlı irəli sürülən təşəbbüslərin müzakirəsi ilə yekunlaşıb.

 

Bookmark and Share