Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Azərbaycan lətifələri” mövzusunda ustad dərsi keçirilib

30/03/2022

Martın 30-da BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşəbbüsü ilə “Azərbaycan lətifələri” adlı ustad dərsi keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti, tələbə, magistrant və doktorantları iştirak ediblər. Ustad dərsində kafedranın dosenti Etibar Talıblı və AMEA-nın Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, dosent Sönməz Abbaslı mövzu ilə bağlı məruzə ediblər.
Ustad dərsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova bu cür dərslərin önəmindən danışıb: “7 ildir ki, bu cür dərslər mütəmadi olaraq təşkil olunur. Əsasən, AMEA-nın Folklor İnstitutu ilə sıx əməkdaşlıq edərək müxtəlif mövzularda  tədqiqatçıların ustad dərslərini təşkil etmişik”. Sonra söz dosent Etibar Talıblıya verilib. Dosent Etibar Talıblı Azərbaycan epik folklorunda lətifə janrının yerini  xüsusi yerini vurğulayıb:  “Lətifələr epik təfəkkürün yaradıcılıq məhsulu olduğu kimi, eyni zamanda fəal nitq janrlarından biridir. Funksional-semantik xüsusiyyətlərindəki bu ikilik lətifələrin janr təbiətinə ciddi təsir göstərir. Bunlarla bərabər, cəmiyyət həyatının ən müxtəlif sahələrində baş verən hadisələrə operativ xalq münasibətini ifadə edə bilmək bacarığı lətifələri çağdaş yaşayan folklorun ən aktiv janrlarından biri olmasını təmin edir. Ənənəvi lətifələr bu gün yaşadığı – işlədildiyi kimi, yeni nümunələrinin müntəzəm meydana çıxması da müşahidə olunur”. Tədqiqatçı Molla Nəsrəddin, Bəhlul Danəndə lətifələri, habelə regional və s. lətifələrdən nümunələr söyləyib.
Dosent Sönməz Abbaslı Azərbaycan lətifələrinin tədqiqatlarından söz açıb: “XIX əsrin sonları və XX əsrin əvvəllərində folklor örnəklərinin toplanması, yazıya alınması ilə məşğul olan elə bir qələm sahibi tapmaq olmaz ki, o az-çox lətifələrin, o cümlədən də bölgə lətifələrinin yazıya alınması ilə məşğul olmasın. Son illərdə folklor örnəklərinin, onun tərkibində isə regional lətifələrin çoxcildliklər şəklində akademik nəşrləri geniş vüsət alıb”. Tədqiqatçı regional lətifələrin toplama, nəşr tarixindən danışmaqla yanaşı, onların xüsusiyyətlərinə də toxunub.
Ustad dərsində Azərbaycan lətifələri ilə bağlı bir sıra elmi-nəzəri məsələlərə toxunularaq Azərbaycan lətifələrinin poetikası – süjet, kompozisiya, konflikt, bədii gülüş; obrazlar aləmi – lətifə qəhrəmanı tipləri; təsnifatı; ayrı-ayrı təsnifat qruplarının özəllikləri; janrlararası transformasiya baxımından lətifələrin rolu və s. haqqında danışılıb və müzakirələr aparılıb.  Sonda məruzəçilərə suallar ünvanlanıb.

Bookmark and Share