Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Beynəlxalq Ana Dili Günü qeyd olunub

21/02/2022

BDU-nun Filologiya fakültəsində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz milli varlığımızdır” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirin aparıcısı II kurs tələbəsi Rəhiməxanım Əlipənahova iştirakçıları salamlayaraq Beynəlxalq Ana Dili Gününün təsis olunma tarixi haqqında məlumat verib.
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, milli dil və dövlət dili kimi keşməkeşli taleyindən, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin güclü olmasından söz açıb, dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyev və dövlət başçısı prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dil quruculuğundan bəhs edib.
BDU-nun Türkologiya kafedrasının magistrantı Məleykə Mirzəli “Yox olma təhlükəsində olan türk dilləri” adlı məruzə ilə çıxış edərək türk dillərinin müasir problemləri, o cümlədən dünyada məhv olma təhlükəsi qarşısında qalan türk dillərinin hazırkı vəziyyəti haqqında məlumat verib.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzində istehsal olunmuş “Bir günəş altında” filmindən Azərbaycanda yaşayan  müxtəlif etnik qrupların nümayəndələrinin öz ana dillərində verdikləri müsahibələrin fraqmentlərinə baxıblar.
Daha sonra BDU-nun Azərbaycan dilçiliyi kafedrası tərəfindən fakültə tələbələri arasından keçirilmiş “Ana dilimiz milli varlığımızdır” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin nəticələrinə əsasən I kurs tələbəsi, Prezident təqaüdçüsü Nuridə İsmayılova I, IV kurs tələbəsi Narıngül Məlikova II, III kurs tələbəsi Fidan Hüseynova isə III yerə layiq görülüb. Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Sonda müsabiqə qaliblərinin essələri dinlənilib.

Bookmark and Share