Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib

18/04/2019

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Sənətkar və zaman” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransa respublikamızın 8 ali təhsil müəssisəsindən (BDU, AzTU, GDU, AKU, ADİU, ATU, ADMİU, ADDA) ümumilikdə 75 nəfər qatılıb. Gənc tədqiqatçıların fəallığı ilə diqqəti çəkən konfransda 26 magistrant və tələbə maraqlı məruzələrlə çıxış edib.
Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə iştirakçıları salamlayaraq konfransın mühüm əhəmiyyət daşıdığını vurğulayıb, C.Cabbarlının 120 illik yubileyinin bir çox ali təhsil müəssisələrində təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb.
Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək bildirib ki, bu il ölkə başçısı cənab İlham Əliyev bir sıra görkəmli ədəbiyyat xadimlərinin – İ.Nəsiminin, C.Cabbarlının, C.Məmmədquluzadənin, İ.Şıxlının, Ə.Ağaoğlunun yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalayıb. Prezidentin C.Cabbarlının anadan olmasının 120 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı 17 dekabr 2018-ci il tarixli sərəncam böyük sənətkarın fəaliyyətinə göstərilən diqqət və qayğının təzahürüdür. Keçirilən konfransın əhəmiyyətindən söz açan dekan görkəmli ədibin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələr, həmçinin ölkəmizdə C.Cabbarlı irsinin öyrənilməsinin mühüm istiqamətləri barəsində ətraflı məlumat verib.
Daha sonra BDU-nun professoru Zemfira Şahbazovanın “Varvarizm və vulqarizmlərin C.Cabbarlı pyeslərində işlənmə xüsusiyyətləri”, Sevil Ağabəylinin “C.Cabbarlının əsərlərində məkan anlamlı söz və söz birləşmələrinin tədqiqi” mövzusunda məruzələri dinlənilib.
Konfrans öz işini “C.Cabbarlı sənətkarlığında müasirlik”, “Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri”, “Azərbaycan dilçiliyinin müasir problemləri” və “Azərbaycan dilinin xarici dillərlə qarşılıqlı əlaqəsi problemi” bölmələrində davam etdirib.

 

Bookmark and Share