Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Dədə Qorqud dünyası” elmi-nəzəri jurnalının təqdimatı keçirilib

06/10/2021

6 oktyabr 2021-ci il tarixində BDU-nun Filologiya fakültəsində “Dədə-Qorqud” elmi tədqiqat laboratoriyası tərəfindən nəşr olunan “Dədə Qorqud dünyası” elmi-nəzəri jurnalının təqdimatı keçirilib. Təqdimatda  laboratoriya əməkdaşları və AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri Bayram Quliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Dədə-Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri Almara Nəbiyeva sözügedən toplunun üçüncü nəşr olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, jurnalın sonuncu – ikinci nəşri 2012-ci ildə mərhum professor Qara Namazovun rəhbərliyi ilə çap olunub. Budəfəki nəşrdə “Kitabi-Dədə Qorqud” dastanının elmi-nəzəri əsaslarını özündə ehtiva edən on üç elmi məqalə dərc olunub. Həmçinin qeyd olunub ki,  məcmuədə “Kitabi-Dədə Qorqud” dastanının üçüncü əlyazması ilə bağlı məqalələr də yer alıb. Bununla yanaşı, professor Ramiz Əskərin  “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması” adlı kitabının da annotasiyası jurnalda öz əksini tapıb.
Professor Adil Babayev “Dədə Qorqud dünyası” elmi-nəzəri jurnalının yeni nəşrini yüksək qiymətləndirərək redaksiya heyətinə uğurlar arzulayıb, gələcək nəşrlərin mövzu baxımından daha da zəngin və  əhatəli olacağına əminliyini ifadə edib.   
AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri Bayram Quliyev uzun müddətdən sonra jurnalın üçüncü sayının işıq üzü görməsini qorqudşünaslığa yeni töhfə kimi dəyərləndirib, toplunun türk dünyasında tanıdılması işinə köməklik göstərəcəyini bildirib.
Sonda laboratoriya əməkdaşları jurnalın gələcək buraxılışlarının nəşri ilə bağlı müzakirələr aparıb, müvafiq qərarlar qəbul ediblər.

Bookmark and Share