Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Dövlət Bayrağı Gününə həsr olunmuş onlayn tədbir keçirilib

09/11/2020

BDU-nun Filologiya fakültəsində 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq mənliyimdir” adlı tədbir keçirilib.
Onlayn şəkildə baş tutan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirin aparıcısı, fakültənin III kurs tələbəsi Sezər Məmmədli Azərbaycan bayrağının tarixindən bəhs edərək, bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə, müqəddəslik rəmzi olduğunu vurğulayıb.
Ardınca Azərbaycan xalqının tarixi dövrdə qurduğu dövlətlərin bayraqlarından bəhs edilən videoçarx nümayiş olunub.   
Sonra söz Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədova verilib. E.Məmmədov iştirakçıları  9 Noyabr Dövlət Bayrağı Günü və döyüş meydanında son günlər əldə olunan tarixi qələbələr münasibətilə təbrik edərək, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət Bayrağına münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu diqqətə çatdırıb.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı çıxış edərək, dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, beynəlxalq miqyasda tanınmasından, Azərbaycan bayrağının rəmzi mənasından söz açıb, ədəbiyyatımızda bayraq mövzusunda yazılmış ədəbi örnəklər haqqında məlumat verib.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov sentyabrın 27-dən - hərbi əməliyyatların başlanmasından etibarən fakültənin əməkdaş və tələbələrinin orduya göstərdikləri dəstəkdən, bu istiqamətdə fakültənin həyata keçirdiyi tədbirlərdən, gənclərin informasiya müharibəsindəki aktivliyindən söz açıb.   
Fakültənin IV kurs tələbəsi Məleykə Mirzəli çıxışında son günlər yaşanan sevinc hisslərinin sözlə ifadəsinin mümkün olmadığını qeyd edib.  
Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda musiqi və şeirlər təqdim olunub.    
Sonda Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşları: professor Mətanət Abdullayeva və dosent Rəhilə Quliyeva çıxış edərək, öz sevinc və qürur hisslərini iştirakçılarla bölüşüb, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Bookmark and Share