Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

09/11/2021

BDU-nun Filologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı onlayn tədbir keçirilib.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov açılış nitqi ilə çıxış edərək, ölkəmizdə Zəfər Gününün tənətənə ilə qeyd olunmasından, Dövlət Bayrağımızın işğaldan azad olunmuş ərazilərdə əzəmətlə dalğalanmasından danışıb, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət Bayrağına münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu vurğulayıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədovun “Türk xalqlarında bayraq anlayışı” adlı çıxışında türk xalqlarının dövlətçilik tarixində bayraq anlayışının rəmzi mənalarından, tarixən bayraqlarda əks olunmuş simvolların qədim türk milli və mifik təfəkkürü ilə bağlılığından bəhs edib, bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə, müqəddəslik rəmzi olduğunu diqqə çatdırıb.
Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə Dövlət Bayrağındakı rənglərin simvolik əlamətlərindən, bu dərin mənaların mənəvi, siyasi, ideoloji əhəmiyyətindən söz açıb.
Filologiya fakültəsinin II kurs tələbəsi Rəhiməxanım Əlipənahovanın moderatorluğu ilə keçən tədbirdə I kurs tələbəsi Aydan Rüstəmzadənin bayraq haqqında çıxışı dinlənilib, Ülviyyə Orucova Bəxtiyar Vahabzadənin “Bayraq”, Cahan Salmanova Zəlimxan Yaqubun “Azərbaycan” şeirini səsləndirib, bəstəkar Fikrət Əlizadə pianoda “Xəzərin dalğaları” adlı musiqi parçasını ifa edib.

Bookmark and Share