Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

29/10/2019

BDU-nun Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda 2018-2019-cu tədris ili üçün fakültə Tədris-Metodik Şurasının illik hesabatı, buraxılış işləri və magistr dissertasiyalarının mövzuları və cari məsələlər müzakirə olunub.
Fakültə dekanı, dosent Elçin Məmmədov iclası açaraq şura üzvlərini gündəlik məsələlərlə tanış edib, Tədris-Metodik Şuranın fəaliyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlərdən, təhsil islahatlarından, universitetin 100 illik yubileyi  ərəfəsində qarşıda dayanan vəzifələrdən danışıb.
Sonra Tədris-Metodik Şuranın sədri, Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli hesabat məruzəsi ilə çıxış edib. O, 2018-2019-cu tədris ilində Şuranın gördüyü işlər, tədris prosesinin gedişatı, fakültənin elmi nailiyyətləri və beynəlxalq əlaqələri, il ərzində təşkil olunmuş elmi və ədəbi-bədii tədbirlər haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Tədris prosesindəki nöqsanlar və qarşıda duran vəzifələr ciddi müzakirə olunub, yekunda şura üzvləri metodşuranın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
İclasda universitet metodşurasının üzvləri dos. V.Qasımov, prof. L.Qasımova, prof. M.Kazımov və dos. K.Aslan iştirak edib. Universitet metodşurası adından çıxış edən dos.V.Qasımov bəzi problemlərə aydınlıq gətirib, hesabatı yüksək qiymətləndirərək kollektivə uğurlar arzulayıb.

Bookmark and Share