Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində folklorşünaslığa dair iki kitabın təqdimatı keçirilib

28/12/2020

Dekabrın 28-də Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblının tərtib etdiyi “Nailə ananın söylədikləri (Qubadlı bölgəsi: etnoqrafiya, folklor, dil örnəkləri)” (Bakı: Elm və təhsil, 2020, 392 s.) və “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevanın tərtib etdiyi “Aşıq Xaspolad. Dastanlar” (Bakı: “Təknur” nəşriyyatı, 2020, 292 s.) kitablarının  təqdimatı keçirilib. Təqdimatda fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak edib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova hər iki nəşrin elmi redaktoru kimi kitabların məzmunu haqqında məlumat verərək, müəlliflərin gördüyü işləri ətraflı şəkildə şərh edib, toplanılan materialların folklorşünaslar üçün əhəmiyyətindən və Qarabağ bölgəsinin folklor nümunələrinin öyrənilməsi istiqamətində xüsusi önəm daşımasından söz açıb.  
Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov çıxış edərək, erməni terrorunun təkcə ərazilərimizə deyil, maddi-mədəni irsimizə də böyük ziyan vurmasından, işğal olunmuş ərazilərimizin folklor nümunələrinin toplanması sahəsində yaranan problemlərdən, bu müddətdə fakültənin folklorşünas alimlərinin fəaliyyətindən, hər iki nəşrin ərsəyə gəlməsində tərtibçilərin gərgin əməyindən danışıb. Təqdimatı keçirilən hər iki kitabın əlamətdar hadisə olduğunu xüsusi vurğulayan dekan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası əməkdaşlarının folklorşünaslığın müxtəlif istiqamətləri üzrə aparılan araşdırmalarda yaxından iştirak etdiyini bildirib, müəlliflərə uğurlar arzulayıb.
Sonra söz müəlliflərə verilib. Dosent Etibar Talıblı Azərbaycan türklərinin etnoqrafiyası, folkloru və xalq danışıq dilinə aid olan “Nailə ananın söylədikləri (Qubadlı bölgəsi: etnoqrafiya, folklor, dil örnəkləri)” kitabında təqdim edilmiş mətnlərin 2014-2019-cu illərdə Qubadlı torpağının yetirməsi, ağbirçək Nailə İmanlının dilindən yazıya aldığını bildirib. Milli-mənəvi sərvətimizi yaşatmaqda, çağdaş nəslə çatdırmaqda N.İmanlının əvəzsiz xidmətləri olduğunu söyləyən müəllif kitabda tərəkəmə-elat həyat tərzini əks etdirən etnoqrafik materialların, xalq danışıq dilinin zənginliyini ifadə edən deyimlərin, mərasim folklorundan parçaların, maraqlı nağılların, ibrətamiz rəvayətlərin, yanıqlı bayatıların, mənalı atalar sözlərinin və başqa janrlara aid örnəklərin toplandığını qeyd edib.
Almara Nəbiyeva tərtib etdiyi “Aşıq Xaspolad. Dastanlar” kitabında  Qarabağın el sənətkarı Aşıq Xaspoladın səkkiz dastanının yer aldığını, eləcə də  dastanların hamısının məhəbbət mövzusunda olduğunu, orta əsrlər reallığını özündə əks etdirdiyini diqqətə çatdırıb.
Aşıq Xaspoladın nəvəsi Röya Mirzəliyeva kitabın tərtibçisi və elmi redaktoruna, tədbirin təşkilinə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib, aşığın yaradıcılığından, onun aşıq sənətindəki xidmətlərindən, şəxsi muzeyindən, yaratdığı “Nənə qızlar” ansamblından söz açıb.
Daha sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşları - professorlar Nizami Xəlilov və Ülkər Nəbiyeva, dosentlər Məhəmməd Məmmədov və Könül Həsənova, Təbiət fakültələri üzrə ingilis dili kafedrasının müdiri professor Abbas Abbasov, Türkologiya kafedrasının professorları - Məhərrəm Məmmədov və Firuzə Ağayeva, Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva və başqaları hər iki kitab haqqında fikirlərini bölüşüb, toplanılan materialların folklorşünaslığa və dilçiliyə dəyərli töhfə olmasından, koqnitiv dialektologiya üçün səmərəsindən danışıb, müəlliflərin əməyini yüksək qiymətləndiriblər.

Bookmark and Share