Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Frankofoniya Günlərinə həsr olunmuş tədbir keçirilib

14/04/2022

BDU-nun Filologiya fakültəsində Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə Azərbaycanda Frankofoniya Günlərinə həsr olunmuş “Gələcəyin frankofoniyası” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü, fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Fransa və Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrdən, filologiya istiqaməti üzrə Bakı Dövlət Universiteti ilə Fransanın nüfuzlu universitetləri arasında ikili diplom və mübadilə proqramlarının tətbiqinin zəruriliyindən, ölkəmizdə fransız dilinin tədrisi ilə bağlı görülən işlərdən, bu yöndə Alman və fransız dilləri kafedrasının həyata keçirdiyi təşəbbüslərdən danışıb. Bildirib ki, hazırda Frankofoniya Günləri çərçivəsində Bakıda müxtəlif tədbirlər keçirilir ki, bunlardan biri də BDU-nun Filologiya fakültəsində təşkil olunub və bunu Azərbaycan-Fransa arasında təhsil sahəsindəki əlaqələrin inkişafı baxımından əsas töhfələrdən biri hesab etmək olar.
Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü Frankofoniya Günlərinin hər il bütün dünyada, fransızdilli və fransız dilinin tədris edildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunmasından, Frankofoniyanın gənclərə və onların istəklərinə, xüsusən də sahibkarlıq, rəqəmsal texnologiya və davamlı inkişaf sahələrində dəstəyini gücləndirmək üçün builki Frankofoniya Günlərinin “Gələcəyin frankofoniyası” adı ilə təşkil olunmasının əhəmiyyətindən söz açıb. Qonaq COVID-19 virusu ilə əlaqədar təxirə düşən Frankofoniya Günlərinin yenidən keçirilməsini ölkəmizin mədəni həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirib.
Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva Frankofoniya Günlərinə həsr olunmuş tədbirlərin əhəmiyyətinə diqqət çəkərək, bu cür addımların xüsusilə gənclər üçün mühüm önəm daşıdığını, fransız dilinin tədrisi və təbliği işinə töhfələr verdiyini vurğulayıb, tədbirin ərsəyə gəlməsində dəstəyi olan hər kəsə, o cümlədən fakültə rəhbərliyinə, habelə Azərbaycanda Fransız İnstitutunun icraçı direktoruna təşəkkürünü bildirib.
Tədbir ədəbi-bədii çıxışlarla davam edib. Alman və fransız dilləri kafedrasının müəllimi Azelma Həsənova Fransanın Sarbonna Universitetinin azərbaycanlı məzunu, Azərbaycanda ilk fransız dili müəllimi Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti haqqında məlumat verdikdən sonra, görkəmli ədib və ictimai xadim haqqında sənədli film nümayiş olunub.
Tədbirdə Filologiya, Tarix, Biologiya, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri müxtəlif mövzularda çıxışlar edib, fransız dilində şeirlər səsləndirib, mahnılar və rəqslər ifa ediblər, həmçinin fransız mətbəxinə dair təamlar nümayiş etdirilib.
Sonda qonaq Conatan Ünlü Alman və fransız dilləri kafedrasına kitablar hədiyyə edib, xatirə şəkilləri çəkdirib.



Bookmark and Share