Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində görkəmli türkoloq Fərhad Zeynalovun 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

16/10/2019

BDU-nun Filologiya fakültəsində görkəmli türkoloq Fərhad Zeynalovun 90 illik yubileyinə həsr olunmuş “Fərhad Zeynalov Azərbaycan türkologiyasının bayraqdarı kimi” mövzusunda elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Azərbaycanda türkologiya elminin öyrənilməsi sahəsində xüsusi xidmətləri olan filologiya elmləri doktoru, professor Fərhad Zeynalovun çoxsaylı araşdırmalarından, türkologiya elminə verdiyi töhfələrdən söz açıb, alimin Universitetdəki fəaliyyətindən danışıb.
BDU-nun Türkologiya kafedrasının professoru Məmmədəli Novruzov Fərhad Zeynalovun zəngin elmi yaradıcılığından - qədim türk yazılı abidələrinin, müasir türk dillərinin tədqiqi istiqamətində gördüyü işlərdən bəhs edib, alimin türkoloji tədqiqatlarının həmişə türkoloqların diqqət mərkəzində olduğunu vurğulayıb. O həmçinin görkəmli alimlə bağlı xatirələrini danışıb.
Daha sonra Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva, Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Məmmədov, Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli, Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva Fərhad Zeynalovun dərin elmi irsindən bəhs edərək, onunla bağlı xatirələrini bölüşüblər.

Bookmark and Share