Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Heydər Əliyev və milli-mənəvi irsimiz” mövzusunda respublika elmi konfransı keçirilib

05/05/2023

BDU-nun Filologiya fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi irsimiz” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, respublikamızın müxtəlif ali təhsil müəssisələrində fəaliyyət göstərən elm adamları, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan BDU-nun Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminin, təhslinin mədəniyyətinin və ədəbiyyatının inkişafındakı misilsiz tarixi xidmətlərindən, Ulu Öndərin şəxsiyyətinin formalaşmasında ədəbiyyatın rolundan, onun Azərbaycan ədəbiyyatına, ədəbiyyat xadimlərinə göstərdiyi xüsusi diqqət və qayğıdan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan filologiyasının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən bəhs edib. Eyni zamanda çıxışda H.Əliyevin rəhbərliyi və təşəbbüsü ilə görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin qeyd olunması, Qarabağın maddi-mədəni irsinin qorunması ilə bağlı həyata keçirdiyi işlərdən, habelə bu ənənələrin müasir mərhələdə uğurla davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolundan geniş söz açılıb.
Sonra BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”,  Türkologiya kafedrasının professoru Elbrus Əzizov “Azərbaycan dilinə Heydər Əliyev qayğısı”, “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Heydər Əliyev müstəqil türk dövlətləri arasında mədəni əlaqələrin qurucusu kimi” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Heydər Əliyevin müstəqil Azərbaycanın memarı kimi tarixi xidmətlərindən, türk dünyası ilə mədəni və siyasi əlaqələrin qrurulmasında müstəsna rolundan, Azərbaycan dilinin dövlət dili olması uğrunda apardığı mübarizədən və müasir mərhələdə həmin işlərin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsindən danışılıb.  
Sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Tofiq Hacıyevin sədrliyi ilə “Heydər Əliyev və milli-mənəvi irsimiz”, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri professor Abbas Abbasovun sədrliyi ilə “Dilçilik” və Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədovun sədrliyi ilə “Ədəbiyyatşünaslıq” bölmələrində 90-a yaxın məruzə dinlənilib.

Bookmark and Share